İQTİSADİYYAT
Dövlət Neft Fondu vətəndaşlara xəbərdarlıq edib
Bakı, 16 avqust, AZƏRTAC
Son üç ayda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) adından Azərbaycan vətəndaşlarını individual əsasda investisiya, neft və qaz treydinqi fəaliyyətinə sövq edən geniş xəbərlər yayılır.
ARDNF-dən AZƏRTAC-a bildirilib ki, bu yönümdə oxşar çağırışlar ARDNF-nin İcraçı Direktoru İsrafil Məmmədovun adından da haker üsulu ilə tirajlanıb.
ARDNF Mətbuat xidməti bu paylaşımların tamamilə yanlış və həqiqəti əks etdirməyən məlumat olduğunu vətəndaşların diqqətinə çatdırıb. Qeyd olunub ki, ARDNF-nin fəaliyyətinə heç bir aidiyyəti yoxdur.
Bir daha xəbərdarlıq edilib ki, ARDNF onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlara sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları “[email protected]” ünvanına göndərmələri bildirilib.
Vətəndaşlara fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq üçün yalnız Fondun media resurslarında əks olunan rəsmi məlumatları izləmək tövsiyə olunur.