İQTİSADİYYAT


Dövlət Neft Fondunun təsis edilməsindən 18 il ötür

2001-ci ildən indiyədək fondun gəlirləri 137 milyard, xərcləri 100 milyard, hazırkı aktivləri isə 36 milyard dolları keçib

Bakı, 29 dekabr, AZƏRTAC

Xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkəmizin siyasi-iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün tədbirlər görməyə başladı. Azərbaycan iqtisadiyyatının dirçəlişini neft amilində görən Ulu Öndər uzaqgörən siyasəti ilə dünyanın məşhur neft şirkətlərini də bu işə cəlb etdi. Bu strategiyanın təməlində isə bir ideya dururdu: neftdən əldə olunan bütün gəlirləri, eləcə də həm siyasi, həm də iqtisadi mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltmək. Məhz bu ideyaya söykənən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarındakı neftin birgə işlənməsi haqqında müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Bununla da Ulu Öndərin ölkəmizin gələcəyi naminə “Yeni neft strategiyası” uğurla həyata keçirilməyə başladı və bu siyasət Azərbaycanın neft ölkəsi adını özünə qaytardı.

Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi neft strategiyasının növbəti mərhələsi ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi təşkil edirdi. Bu məqsədlə ulu öndər Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edildi. Neft Fondunun Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq olundu.

Dövlət Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı ölkəmizin əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə olunmasını və gələcək nəsillər üçün saxlanılmasını təmin edir. Bu mənada, ARDNF Ümummilli Lider tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasının ayrılmaz hissəsidir. Qurumun yaradılması fəlsəfəsinin əsas qayəsini neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin edilməsi təşkil edir. Məhz bu prinsipin yüksək səviyyədə qorunmasının nəticəsidir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birindən əhəmiyyətli addımlar atılır.

Ulu Öndərin milli neft strategiyası ölkənin neft və qaz gəlirlərinin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi idi. Uzunmüddətli inkişaf proqramı olaraq həyata keçirilən neft strategiyasının əsasını ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə prinsipini təşkil edir. Neft strategiyasının növbəti mərhələsi isə ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsidir. Milli neft strategiyası xarici sərmayənin və təcrübənin cəlb olunmasını, çoxvariantlı ixrac sisteminin yaradılmasını və əldə olunmuş gəlirlərin səmərəli, şəffaf idarə edilməsi və istifadə olunmasını nəzərdə tutur.

Fəaliyyətə başladığı vaxtdan etibarən ARDNF qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib, bu öhdəlikləri layiqincə yerinə yetirib. 18 illik qısa müddətdə beynəlxalq səviyyədə tanınan fonda çevrilən Dövlət Neft Fondu hazırda dünyanın 60 ən şəffaf suveren fondları siyahısında 4-cü sırada qərarlaşıb. 2001-ci ildə fondda 270 milyon ABŞ dolları məbləğində vəsait vardısa, cari il oktyabrın 1-nə bu rəqəm artıq 36 milyard dolları keçib. 2001-ci ildən bu vaxtadək Dövlət Neft Fondunun gəlirləri 137 milyard dolları, xərcləri isə 100 milyard dolları ötüb.

Fond indiyədək BTC layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 300 milyon manatadək vəsait sərf edib

Bu gün ARDNF tərəfindən həmin vəsaitlər səmərəli şəkildə idarə edilir, ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə mühüm layihələrin maliyyələşdirilməsi həyata keçirilir. Fond hazırda mühüm sosial-iqtisadi layihələri maliyyələşdirir ki, onların uğurlu icrası ölkənin hərtərəfli inkişafına xidmət edir. Neft Fondu institusional cəhətdən formalaşmaqla bərabər, ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınan və vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin olunması baxımından digər dövlətlərə öz təcrübəsini bölüşməyə qadir olan bir quruma çevrilir.

Ölkədə neft sektoru ilə yanaşı, infrastruktur sahələrinin, habelə qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə artan neft gəlirləri, o cümlədən fondun vəsaiti hesabına ölkədə mühüm infrastruktur və sosialyönümlü layihələrin maliyyələşdirilməsi təmin edilir. 2001-2017-ci illərdə ölkədə neft sektoru ilə yanaşı, infrastruktur sahələrinin, habelə qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.

2001-ci ildən cari ilin dekabrın 1-nə Neft Fondu 100 milyard dollardan çox vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və yenidən qurulması üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib və dövlət büdcəsinə transfert edilib. Qeyd edilən dövrdə ARDNF-in ən ağır şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin sosial-məskunlaşma məsələlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 2 milyard 80,2 milyon manat məbləğində vəsaiti istifadə edilib. Bu vəsaitlər hesabına qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin tikintisi işləri həyata keçirilib.

Fond indiyədək Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 297,9 milyon manat sərf edib.

2006-cı ildən başlayaraq neft gəlirlərinin bir hissəsi, eyni zamanda, su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilir. Fondun maliyyələşdirdiyi layihələr sırasında Bakının su təchizatı ilə bağlı problemlərinin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından paytaxta su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutur. Bu layihələrin reallaşması neft strategiyasının məntiqi davamı kimi qəbul edilir. 2006-cı ildən bu ilin üçüncü rübünün sonuna Neft Fondunun büdcəsi çərçivəsində bu layihəyə 779,6 milyon manat vəsait yönəldilib.

2006-2017-ci illərdə fonddan Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 1 milyard 349,1 milyon manat vəsait yönəldilib. Layihənin həyata keçirilməsi ilə Bakı və Sumqayıt şəhərlərinin içməli və texniki su ilə təminatı 2 dəfə yaxşılaşacaq, bənddə quraşdırılacaq elektrik enerjisinin istehsalından əmələ gələn illik mənfəət 2 milyon manat təşkil edəcək.

Neft Fondu bu vaxtadək “Azəri-Çıraq-Günəşli” layihəsindən 127,8 milyard dollar qazanıb

Neft Fondu 2001-ci ilin əvvəlindən bu il dekabrın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (ACG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 127 milyard 889 milyon ABŞ dolları gəlir əldə edib. Bu ilin yanvar-noyabr aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 5 milyard 780 milyon dollar vəsait daxil olub. İndiyədək fondun 87,6 milyon manat vəsaiti AÇG-nin birgə işlənməsi üzrə layihədə SOCAR-ın iştirak payının maliyyələşdirilməsinə yönəldilib.

Bu vaxtadək Neft Fondu Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə isə 569,1 milyon manat yönəldib. Cari il oktyabrın 30-da isə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu istifadəyə verilib. BTQ dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

2008-ci ildən başlayaraq Neft Fondu tərəfindən 199,7 milyon manat məbləğində vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Bu proqramın icrası sayəsində Azərbaycanda müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsillərinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranacaq.

İndiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə Dövlət Neft Fondundan 3,7 milyard ABŞ dolları vəsait ayrılıb

Fond bu vaxtadək “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsinə 1 milyard 530,3 milyon manat ayırıb. İndiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə Dövlət Neft Fondundan ümumilikdə 3,7 milyard ABŞ dolları vəsait ayrılıb.

Azərbaycan təbii qazını Türkiyəyə və bu ölkədən Avropaya nəqlini təmin edəcək “Cənub Qaz Dəhlizi” layihəsinə daxil olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin maliyyələşdirilməsinə indiyədək ölkəmiz tərəfindən 8,4 milyard dollar vəsait qoyulub. Bu o deməkdir ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 72 faizini icra edib.

Fond bu vaxtadək SOCAR-ın Türkiyənin İzmir şəhərində inşa etdiyi “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 927,9 milyon manat yönəldib.

Bütün bunlarla yanaşı, bu il oktyabrın 1-nə Neft Fondunun aktivləri cari ilin əvvəlinə - 33 milyard 147 milyon dollara nisbətən 8,67 faiz artaraq 36 milyard 20 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına olub.

2007-ci ildən ötən ilin may ayınadək isə ARDNF “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 506 milyon ABŞ dolları gəlir əldə edib. Fond, həmçinin hərraclar vasitəsilə valyuta satışında da fəal iştirak edir və ölkədəki bütün bankların hərraclarda iştirakı təmin olunur. Bu ilin yanvar-noyabr ayları ərzində ARDNF tərəfindən valyuta hərracları yolu ilə ümumilikdə 2 milyard 694,9 milyon dollar həcmində vəsait satılıb.

Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb və ilk hesabatı təqdim olunub

Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) sahəsində bir çox ilklərə imza atan ölkələr sırasında olub. Azərbaycan hasilat sənayesində ən yüksək şəffaflığı təşviq edən, beynəlxalq təşəbbüsləri dəstəkləyən və 2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə Tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olub. 2005-ci ildən başlayaraq Azərbaycan mədən hasilatı sənayesinin bütün göstəricilərini əhatə edən hesabatlar dərc edib və ümumilikdə ölkəmiz 20-dən çox MHŞT hesabatı hazırlayıb. İlk gündən etibarən Azərbaycan MHŞT-nin beynəlxalq səviyyədə ən fəal iştirakçılarından biri olub.

Lakin ötən ildən başlayaraq Azərbaycana qarşı ikili standartların tətbiq olunması və qərəzli yanaşmalar başlayıb. Baxmayaraq ki, Azərbaycan dəfələrlə bunun qarşısına çıxıb. Ancaq bu ikili standartların tətbiq olunması davam edib. Bu il martın 8-9-da Kolumbiyanın paytaxtı Boqota şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin 36-cı iclasında Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə ədalətsiz qərar qəbul olunub. Bu ədalətsizliyə cavab olaraq isə Azərbaycan hökuməti ölkəmizin MHŞT-ni tərk etməsi barədə qərar qəbul edib. Həmin qərarla bağlı bəyanat verilib. Azərbaycan bəyan edib ki, ölkəmiz MHŞT-nin prinsiplərini deyil, bir təşkilat kimi MHŞT-ni tərk edir. Azərbaycan öz üzərinə öhdəlik götürüb ki, bundan sonra da mədən hasilatında şəffaflığın tətbiq olunmasına sadiq qalacaq. Bu öhdəliyin məntiqi nəticəsi olaraq Azərbaycanın dekabrın 8-də MHŞT-dən kənar ilk mədən hasilatı sənayesində şəffaflıq hesabatını açıqlayıb. 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) Hesabatı nəinki Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün bütün standartlarına uyğundur, hətta bir çox sahələrdə ondan daha da irəlidədir.

Azərbaycan MHŞT-ni tərk etdikdən sonra Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli Fərmanı əsasında Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Komissiyanın çox fəal işi başlayıb, may ayından başlayaraq bir çox görüş keçirilib, yeni hesabat formaları təsdiq edilib. Komissiya iyun ayında 2016-cı il üzrə HSŞ hesabatın “Moore Stephens Azerbaijan” şirkəti tərəfindən hazırlanmasına qərar verib.

2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq Hesabatında ötən illərin hesabatlarının əhatə etdiyi bütün mövzular yer alıb. Hesabatda Hasilatın Pay Bölgüsü sazişi barədə, eləcə də, SOCAR-ın sosial xərcləri barədə məlumatlar genişləndirilib. Yeni sxemlər əlavə olunub, “dövlət orqanlarının hasilat sənayesində rolu və vəzifələri” bölməsi təkmilləşdirilib. Yeni hesabata “Hasilat sənayesi üzrə əsas yeniliklər” bölməsi əlavə olunub.

Dövlət Neft Fondunun daşınmaz əmlak portfeli üzrə aktivlərinin sayı 6-ya çatıb

Cari ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə transfert 4 milyard 801 milyon manat, Mərkəzi Banka isə 2 milyard 448,3 milyon manat məbləğində olub. 2001-ci ildən indiyədək ARDNF-in dövlət büdcəsinə transfertləri 75 milyard 817 milyon manat təşkil edib.

Bu ilin 10 ayında mənfəət neftinin və qazın satışından Dövlət Neft Fonduna 9 milyard 19,3 milyon manat və ya 5 milyard 227 milyon ABŞ dolları daxil olub.

Ötən dövr ərzində fondun vəsaitlərin idarə edilməsi sahəsindəki fəaliyyətində də yeniliklər həyata keçirilib. ARDNF investisiya portfelinə səhmlər, daşınmaz əmlak və qızıl kimi yeni investisiya alətlərini daxil edib. Dövlət Neft Fondunun daşınmaz əmlak portfeli üzrə London, Paris, Moskva, Seul, Tokio və Milan şəhərlərindəki aktivlərinin sayı 6-ya çatıb. 2016-cı ilin sonuna bu daşınmaz əmlaklar üçün illik icarə gəlirləri belə olub: London 78 Seynt Ceyms küçəsi - 9 650 084 ingilis funt sterlinqi, Paris Vendom Meydanı 8. - 5 860 555 avro, Moskva Tverskaya 16. (Qalereya Aktyor binası) - 250 606 000 rubl, Seul, Payn Avenue Tower A. - 30 992 844 997 Koreya vonu, Tokio, Kirarito Ginza – 1 977 659 392 yapon yeni və Milan, Palazzo Turati – 3 072 527 avro.

2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 2013-cü ildən etibarən isə həmin qızıl Azərbaycana gətirilməyə başlayıb. 2016-cı ilin sonuna ölkəyə gətirilən qızılın miqdarı 30,169 ton təşkil edib.

ARDNF-in istər neft gəlirlərinin ölkənin ümummilli problemlərinin həllində, strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasında və yenidən qurulmasında istifadə olunması, istərsə də idarə edilməsində şəffaflığın təmin edilməsi istiqamətində qazandığı böyük uğurlara dünyanın digər neft ölkələrində fəaliyyət göstərən analoji qurumlar, sözün əsl mənasında, həsəd apara bilərlər. Yarandığı gündən Azərbaycanın inkişafına və tərəqqisinə xidmət edən fondun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə qazandığı uğurlar bu qurumun hələ uzun illər xalqımıza sədaqətlə xidmət edəcəyini deməyə bir daha əsas verir.

Nihad Budaqov

AZƏRTAC-ın müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.