ELM VƏ TƏHSİL
Dövlət Neft Şirkəti azərbaycanlı gənclərin Türkiyədə orta təhsil və peşə hazırlığı üçün real şərait yaratmışdır
Bakı, 14 fevral (AZƏRTAC). ARDNŞ-də “Petkim” neft-kimya holdinqinin nümayəndələri ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, holdinqin İnsan resursları departamentinin institusional inkişaf və əmək münasibətləri üzrə meneceri, fəlsəfə elmləri doktoru Rakif Fərəcov Türkiyədə fəaliyyətə başlamış Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinə qəbul edilən şagirdlərin seçilmə mərhələsi və təhsil ocağında tədris prosesi haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, təməli 2011-ci il oktyabrın 25-də Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində ARDNŞ-in inşa etdiyi “Star” neft emalı zavodu ilə eyni vaxtda qoyulmuş Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyi binasının inşası tamamlanmış və məktəb Əliağa Milli Təhsil İdarəsinə təhvil verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməlqoyma mərasimi keçirilmiş bu liseyin tikintisi olduqca qısa müddət ərzində, cəmi 270 günə başa çatdırılmışdır. Liseyin tikintisi davam edərkən burada təhsil almaq istəyən şagirdlər üçün müsabiqə elan olunmuş və 177 nəfər seçilmişdir. Gələcəkdə şagirdlərin sayının 1200 nəfərə çatdırılması planlaşdırılır ki, bunun da 30 faizini azərbaycanlı gənclər təşkil edəcəkdir. Hazırda liseyə 177 şagird qəbul edilmişdir. Onlardan 146 nəfəri Türkiyə, 31 nəfəri isə Azərbaycan vətəndaşlarıdır. Liseydə kimya, mexanika, elektrik və elektronika bölmələri üzrə 8 illik natamam orta təhsilli 13-15 yaşlı şagirdlər təhsil alacaqlar. Onlar 4 illik tədris prosesində istehsalat praktikasına cəlb edilir, eyni zamanda lisey şagirdlərinin asudə vaxtının səmərəli təşkilinə də xüsusi diqqət yetirilir. Əldə olunmuş razılığa əsasən liseyi bitirən məzunlar ARDNŞ-in təyinatına uyğun müəssisələrdə ən azı 5 il çalışmalıdırlar.
Görüşdə bildirilmişdir ki, ötən tədris ilində liseydə təhsil almaq üçün Azərbaycandan 76 nəfər müraciət etmiş, qəbul qaydalarına uyğun 40 nəfər seçilmiş, onların 31 nəfəri müsabiqədən keçmişdir.
Görüşdə Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinə Azərbaycandan şagird qəbulunun qaydaları, eləcə də yaradılacaq Qəbul Komissiyasının tərkibi müzakirə olunmuşdur. ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Türkiyədə iki qardaş ölkənin sənayesi üçün ixtisaslı gənc kadrlar hazırlayan belə bir liseyin fəaliyyətə başlamasını yüksək qiymətləndirmiş, qeyd etmişdir ki, ARDNŞ Azərbaycanda və ölkə xaricində başladığı irihəcmli layihələrin həyata keçirilməsində bu peşə liseyi böyük rol oynayacaqdır. Həmçinin bildirilmişdir ki, Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyi vasitəsilə azərbaycanlı gənclərə də Türkiyədə orta təhsil və peşə hazırlığı üçün real şərait yaradılmışdır.