ELM VƏ TƏHSİL
Dövlət Neft və Sənaye Universiteti ilə “Daşkəsən Dəmir Filiz” MMC təhsil və elmi-texniki sahələrdə əməkdaşlığa başlayır
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında təhsil və elmi-texniki inkişafa dəstək haqqında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni ADNSU-nun rektoru, professor Mustafa Babanlı və “Daşkəsən Dəmir Filiz” MMC-nin Baş direktoru Oqtay Məmmədov imzalayıblar.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, əməkdaşlıq sənədi ölkə ərazisində qara metal yataqlarının mineral xammal bazasının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətində aparılan bir sıra tədbirlərin yerinə yetirilməsində məhsuldar tərəfdaşlıq əlaqələri yaratmaq məqsədi daşıyır.
Müqaviləyə əsasən, universitetdə dağ-mədən mühəndisliyi, geologiya, informasiya texnologiyaları sahələrinə uyğun ixtisaslar üzrə təhsilalanlar “Daşkəsən Dəmir Filiz” MMC-nin istehsalat bazasında təcrübəyə cəlb ediləcək, ali təhsil ocağının elmi-texniki heyətinə kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqat aparmaq üçün lazımi şərait yaradılacaq. Bununla yanaşı, şirkətin sifarişi əsasında universitet tərəfindən müvafiq ixtisaslarda yüksək bilik və bacarıqlı kadrların hazırlanması, tələbə və gənc elmi-texniki mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsi, universitetin analitik laboratoriya xidmətlərindən və maddi-texniki bazasından istifadə etmək üçün şəraitin yaradılması da nəzərdə tutulur.