ELM VƏ TƏHSİL


Dövlət Neft və Sənaye Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, eyni zamanda, Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, indi Ulu Öndərin ruhu şaddır, çünki ilk dəfə olaraq biz Ümummilli Liderin anım gününü onun görmək istədiyi, torpaqları işğaldan azad olunmuş Azərbaycanda qeyd edirik. Ulu öndər Heydər Əliyev ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafı üçün çalışıb, millətimiz, xalqımız üçün əlindən gələni əsirgəməyib.

Ulu Öndər üçün ən ümdə məsələlərdən birinin əzəli Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi olduğunu qeyd edən rektor Mustafa Babanlı ötən il 44 gün ərzində yenilməz Azərbaycan Ordusunun bu missiyanı şərəflə yerinə yetirdiyini deyib və ümummilli lider Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycanın inkişafının təməl prinsiplərinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Qeyd edib ki, istər sovet dövründə, istərsə də müstəqillik dövründə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada inkişaf etmiş, təhlükəsiz və abad dövlət kimi tanınır, dəstəklənir. Deputat bütün sahələrdə, o cümlədən hərbi sahədə ixtisaslı kadrların da kifayət qədər olmasının məhz Ulu Öndərin kadr siyasətinin nəticəsi olduğunu vurğulayıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsini həmin siyasətin nəticəsi kimi dəyərləndirən Arzu Nağıyev xalq-ordu-Ali Baş Komandan birliyinin və ordumuzun tarixi qələbəsinin ölkəmizi bir daha dünyaya tanıtdığını bildirib.

ADNSU-nun İctimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev tarixi faktlara istinad edərək ulu öndər Heydər Əliyevin xidmətlərindən söz açıb. O bildirib ki, milli adət-ənənələrimizin, dövlətçiliyimizin, həmçinin tariximizin qorunmasında və bugünkü müasir Azərbaycana çatdırılmasında Ümummilli Liderin xidmətləri əvəzsizdir. Ona görə də nə qədər Azərbaycan xalqı var, yaşayır, həmişə Ulu Öndərin ruhu qəlblərdə yaşayacaq, xatirəsi ehtiramla yad olunacaq.

Onlayn və oflayn formatda keçirilən tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.