ELM VƏ TƏHSİL
Dövlət Pedaqoji Universiteti tələbə qəbulunda yüksək nəticələr qazanıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2018-2019-cu tədris ili üçün tələbə qəbulunda yüksək nəticələr əldə edib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, bu il universitetə səkkiz fakültə, 22 ixtisas üzrə 2.160 tələbə qəbul olunub. Dövlət sifarişi əsasında 935, ödənişli əsaslarla isə 1.225 nəfər tələbə adını qazanıb. ADPU-da plan yerlərinə qəbul olunanların 97 faizi qeydiyyatdan keçib.
Yeni tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində 17 ixtisas, 18 ixtisaslaşma üzrə 286 tələbə qəbul olunub. Onlardan 106-sı dövlət sifarişi əsasında, 180-i isə ödənişli əsaslarla qəbul olunub. Magistraturaya qəbul 86,6 faiz olub. Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində yüksək göstəricilərdir.
Qeyd edək ki, son beş tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha çox bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur. Yüksək bal toplayan tələbələr müəllim olmağa üstünlük verirlər. Beş il öncə 500 və daha çox bal toplayan 922 abituriyent müəllimliyi seçmişdisə, ötən il onların sayı 1361-ə yüksəlib. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha çox bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 126,7 faiz , ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir. Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində yüksək göstəricilərdir.