ELM VƏ TƏHSİL
Dövlət Pedaqoji Universitetində “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyinin (TN) təşkilatçılığı ilə “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, proqramın assistenti Canoğlan İlyasov bu proqramın könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının qurulması məqsədilə yaradıldığını bildirib.
Ölkəmizdə bir çox irimiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülərin böyük rol oynadığını deyən C.İlyasov qeyd edib ki, proqram çərçivəsində onlar akademik təhsildən ayrılmadan sosial fəallıqlarını artırırlar. On səkkiz ali təhsil müəssisəsini əhatə edən proqramın seçim meyarlarına tələbənin tədbirlərdə könüllü iştirakı, ictimai fəallığı ilə seçilməsi, yüksək təşkilatçılıq, təhlil etmək və araşdırma aparmaq bacarığının olması, yaradıcılığı, rus və ingilis dillərini bilməsi və s. daxildir. Proqramın icrasının dekabrın sonlarında yekunlaşması planlaşdırılır.
Qeyd olunub ki, gələn il Azərbaycanda keçiriləcək bir neçə mötəbər idman yarışlarında və mədəniyyət tədbirlərində proqram çərçivəsində könüllü tələbələrin iştirakı nəzərdə tutulur.
Təqdimatda əyləncəli videoçarxlar nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb.