ELM VƏ TƏHSİL


Dövlət Pedaqoji Universitetinin əməkdaşları İsveçdə müasir təlim texnologiyaları barədə yenilikləri öyrəniblər

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tərəfdaşlarından biri olduğu “Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsi çərçivəsində İsveçdə təlim keçirilib. Avropa İttifaqının “Erasmus+” proqramı üzrə Bakı Biznes Universitetinin əlaqələndiriciliyi ilə reallaşdırılan layihə çərçivəsində təşkil olunmuş tədbirdə universitetin keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, tədqiqat və inkişaf şöbəsinin mütəxəssisi Xəyyam Cəfərzadə iştirak ediblər.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, Kral Texnologiya İnstitutunda (KTH) keçirilən təlimlərin ilk günündə institutun prorektoru Stefan Ostlund və həmin təhsil müəssisəsi üzrə əlaqələndirici Viktor Kordas çıxış ediblər. 1827-ci ildə yaradılmış KTH–in tarixi və əldə olunmuş nailiyyətlər haqqında məlumat verilib. Təhsildə keyfiyyətin təmin olunması siyasəti və alətlər, müxtəlif sorğuların aparılması, tədqiqat, tədris və idarəetmənin keyfiyyətinin qiymətləndirilməsi və s. haqqında ekspertlər tərəfindən təqdimatlar olub.

Təlimlərdə keyfiyyət alətlərinin proqram və ixtisaslara tətbiqi, Kral Texnologiya İnstitutunun keyfiyyət strukturu və siyasəti, müasir təlim texnologiyaları, İsveç ali təhsil sistemi, keyfiyyətin təminatı sistemi haqqında danışılıb.

Layihə iştirakçıları Skandinaviyanın ən qədim ali təhsil müəssisəsi olan, əsası 1477-ci ildə qoyulmuş Uppsala Universitetində də olublar. Ali məktəblə tanışlıqdan sonra universitetin Keyfiyyətin Təminatı Mərkəzi və onun şöbələrinin rəhbərlərinin mövcud təcrübə ilə bağlı təqdimatları olub, müzakirələr aparılıb.

Təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.