CƏMİYYƏT


“Dövlət Qulluğunda Gender Bərabərliyi üzrə Kurikulum” vəsaitinin təqdimatı olub

Bakı, 24 noyabr, AZƏRTAC

Gender bərabərliyinin ölkəmizdə aktual olduğu vaxtdan bəri qanunvericilik bazamız təkmilləşdirilməklə bərabər, bu məsələ ilə bağlı işlər intensivləşdirilib. Hesab edirik bu, cəmiyyətimiz üçün çox önəmli sahədir və bugünkü təqdimat da maarifləndirmə işinin tərkib hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət İmtahan Mərkəzi, Bakı Dövlət Universiteti və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 15 illiyinə həsr olunan “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” adlı vəsaitin təqdimat mərasimindəki açılış nitqində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Bildirilib ki, Kurikulum dövlət idarəetməsində və qərar qəbuletmədə gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlərin davamı olaraq, cari ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət İmtahan Mərkəzinin, Bakı Dövlət Universitetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun, eləcə də “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” BMT Konvensiyasının, Avropa Şurasının “Gender bərabərliyi Strategiyası”nın müvafiq bəndlərinin icrası məqsədilə hazırlanaraq çap edilib. Vəsait Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin 2021-ci il 10 iyun il tarixli əmri ilə təsdiqlənib. Eyni zamanda, Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsi Elmi Şurasının 2021-ci il 22 iyun tarixli protokolu ilə Kurikulum kimi təsdiq olunub.

Beynəlxalq konvensiyalara və milli qanunvericiliyə əsasən hazırlanan Kurikulum bu sahədə yaxşı təcrübənin formalaşdırılması, səmərəli idarəçilikdə gender bərabərliyinin daha yaxşı təşviq edilməsi, dövlət qulluğuna qəbul zamanı sualların gender analizinin aparılması, dövlət qulluqçularının gender bərabərliyi sahəsində təlimatlandırılması və gender məsələlərinə dair həssaslığın artırılması, dövlət qulluğu sistemində gender bərabərliyinin təmin edilməsi sahəsində bərabər imkanlar, iş yerində seksual qısnama hallarının aradan qaldırılması istiqamətində tədbirlər barədə onların məlumatlandırılması və digər məsələlər baxımından əhəmiyyətlidir. Kurikulum “Konseptual Mövqe”, “Kurikulumun Məqsədləri, Prinsipləri və Məzmunu”, “Dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsi” adlı 3 fəsildən və “Kurikulumun icrasının təmin edilməsi ilə bağlı Tövsiyələr”dən ibarətdir.

Vəsaitin dövlət qulluqçuları, bələdiyyələr, tələbələr, müvafiq fənləri tədris edən müəllimlər, elmi işçilər, hüquqşünaslar, ümumiyyətlə, dövlət idarəçiliyində gender məsələsi ilə maraqlanan oxucular üçün faydalı informasiya mənbəyi hesab olunduğu bildirilərək kütləvi informasiya vasitələri nümayəndələri fəal əməkdaşlığa dəvət olunub.

Tədbirdə çıxış edən Almaniyanın Bakıdakı səfirliyinin İqtisadiyyat, mədəniyyət və mətbuat işləri üzrə nümayəndəsi Zübeyde Oyan bildirib: “Dünyada pandemiyanın sürətlə yayıldığı vaxtlarda onun şahidi olduq ki, gender bərabərliyi bir çox ölkələrdə hələ də cəmiyyətin başlıca problemi kimi qalmada davam edir”.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qaldırılan məsələnin əhəmiyyətinin Azərbaycan Respublikasının hüquqi sənədlərində əks olunduğunu deyib, bu mövzunun heç vaxt arxa plana keçmədiyini vurğulayıb. Deyib ki, hər il gender bərabərliyi ilə əlaqədar təhlillər aparılır və onun nəticəsi ictimailəşdirilir.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qadınların cəmiyyətimizin maddi-mənəvi simasını müəyyənləşdirilməsində başlıca rol oynadığını diqqətə çatdırıb. Gender bərabərliyinin təmin edilməsi məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasətində bu istiqamətdə əsaslı işlər görüldüyünü deyib.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Karin Hoerhan gender bərabərliyinin hər bir dövlətin fundamental əsaslarının möhkəmliyi üçün vacib şərt olduğunu qeyd edərək bu istiqamətdə aparılan işlərin əhəmiyyətindən danışıb, bugünkü təqdimatın cəmiyyətin maarifləndirilməsi üçün müəyyən rol oynayacağına inandığını bildirib.

Sonra Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin (CEDAW) sədr müavini Elgün Səfərov “Kurikulumun məqsədi, strukturu və həyata keçirilməsi”, Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Kurikulumun dövlət qulluğu sistemində tətbiqi və icrası”, Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiya kafedrasının müəllimi Nigar Səfərova “Kurikulumun təhsil sistemində tətbiqi”, “Vətəndaşların əmək hüquqlarının müdafiəsi liqası”nın sədri, İctimai Şuranın sədri Sahib Məmmədov "Qanunvericilik layihələrinin və qanunların gender ekspertizası problemi" mövzularında təqdimatlar ediblər.

Təqdimatın vətəndaş cəmiyyəti üzvləri və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə müzakirəsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.