İQTİSADİYYAT


Dövlət Reklam Agentliyinin yaranmasından 2 il ötür

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) yaranmasının 2 ili tamam olur.

ADRA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə agentlikdə regional idarə rəisləri ilə görüş keçirilib. Agentliyin direktoru Aydın İbadov ötən 2 ildə görülən işlər və sahibkarlar üçün yaradılan şəffaf mühitdən söz açıb. Direktor idarə rəislərinə regionlarda sahibkarların maarifləndirilməsi işinin mütəmadi şəkildə aparılmasını və bölgələrdəki reklamların estetik görünüşünə xüsusi diqqət yetirilməsini tapşırıb.

Direktor müavini Orxan Əliyev isə paytaxtla yanaşı, regionları daha da gözəlləşdirmək üçün istifadə ediləcək yeni reklam qurğularının seçimi zamanı ictimai rəyin nəzərə alınacağını diqqətə çatdırıb. Agentliyin aparat rəhbəri Aydın Bəşirov qarşıda duran hədəflərdən bəhs edib.

Sonra ADRA nümayəndələri sahibkarlarla görüşərək onlara xoş arzularını çatdırıb, xüsusi hədiyyələr təqdim ediblər. Ünsiyyət zamanı sahibkarlar son 2 ildə açıq məkandakı reklam sahəsində yaradılan əlverişli mühitdən, onların işini asanlaşdırmaq və genişləndirmək məqsədilə aparılan tədbirlərin müsbət nəticələrindən danışıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Prezident İlham Əliyevin 2017-ci il 20 iyun tarixli Fərmanı ilə yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.