MƏDƏNİYYƏT
Dövlət Rəsm Qalereyası növbəti virtual sərgini Gənclər Gününə həsr edib
Bakı, 3 fevral, AZƏRTAC
Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və artgift.az saytının dəstəyi ilə “Nizami Gəncəvi İli” çərçivəsində 2 fevral-Gənclər Gününə həsr olunan “Axın” adlı virtual rəsm sərgisi açılıb.
Dövlət Rəsm Qalerasından AZƏRTAC-a bildirilib ki, sərgi gənclərin inkişafını dəstəkləmək, cəmiyyətdəki fəallığını təmin etmək, yaradıcılıqlarını stimullaşdırmaq məqsədilə həyata keçirilib.
Virtual sərgidə 50-dən çox gənc rəssamın 60-a yaxın rəsm əsəri sərgilənib. Bunların sırasına gənc rəssamlar Aysel Əlizadə “Narlar”, Aygün Eminli “Qayıdış”, Sədaqət İsmayılova “Qarabağ xalçası”, Şahin Nəcəfov “Şamaxıda bahar”, Lamiyə İmanova “Göl”, Vüsalə Şərifova “Badam sırğalı qız”, Aqil Həşimovun “Təbiətin rəqsi” və s. adlı əsərləri yer alıb.
Sənətsevərlər, həmçinin virtual sərgidə seçilmiş əsərləri artgift.az incəsənət əsərlərinin satış portalına keçid edərək əldə edə bilərlər.