MƏDƏNİYYƏT
Dövlət Rəsm Qalereyası növbəti virtual sərgiyə hazırlaşır
Bakı, 7 dekabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dekabrın 14-də saat 19:00-da “İRS. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərində” adlı virtual sərgi açılacaq.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi milli incəsənətimizə nadir incilərin geniş tamaşaçı auditoriyasına təqdim etmək, Azərbaycan təsviri sənətinin rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələrinə yenidən diqqəti artırmaq məqsədilə təşkil olunacaq.
Sərginin ekspozisiyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda yer alan Böyükağa Mirzəzadənin “Karqanov küçəsində gecə”, Tahir Salahovun “Küləkli Nardaran”, Nadir Əbdürrəhmanovun “Xalça toxuyan”, Rasim Babayevin “Ailə”, Toğrul Nərimanbəyovun “Görüş”, Maral Rəhmanzadənin “Gözəl kəndimiz”, Altay Hacıyevin “Qədim qab-qacaq seriyası. Səhənglər”, Xanlar Əhmədovun “Yaralı əsgər”, Həyat Abdullayevanın “Vəcihə Səmədovanın portreti”, Ömər Eldarovun “Neftçilər” və s. adlı qiymətli əsərləri yer alacaq.
Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.