QAN YADDAŞI
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 17 yanvar, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi və kollektiv üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Hikmət Babaoğlu çıxış ediblər.
Qeyd edilib ki, Azərbaycan xalqının böyük qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 30 il ötür. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri tərəfindən Azərbaycanda dinc əhaliyə qarşı törədilmiş qətliam nəticəsində 150 nəfər şəhid olub, 700-dən çox insan yaralanıb. O dövrdə 20 Yanvar hadisələri, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər barədə dünya ictimaiyyətinə düzgün məlumatın verilməsi xüsusi əhəmiyyətli bir məsələ idi. Yanvar hadisələrindən sonra məhz ümummilli lider Heydər Əliyevin cəsarətli addımları sayəsində, Sovet İttifaqı rəhbərlərinin hadisənin əsl mahiyyətinin dünya birliyindən gizlədilməsi cəhdlərinin qarşısı alındı. Qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyev böyük fədakarlıq nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verib, dinc insanlara qarşı təcavüzə kəskin etirazını bildirib, qətliamın təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib. Sonrakı illərdə də ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü və iştirakı ilə bu qanlı hadisəyə düzgün hüquqi-siyasi qiymət verilib, insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi dünya ictimaiyyəti tərəfindən qəbul edilib.
Qeyd edilib ki, 1993-cü ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən etibarən bugünədək hər il Qanlı Yanvar hadisələri ölkəmizdə çox yüksək səviyyədə yad edilir. Hər il Prezident İlham Əliyevin tapşırığı ilə xüsusi tədbirlər planı həyata keçirilir. Bu qanlı, eyni zamanda, qəhrəmanlıq rəmzi olan tarixdən 30 il keçsə də, 20 Yanvar faciəsi istər respublikamızda, istərsə də xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən hər il hörmət və ehtiramla anılır.
Ulu Öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə edib. 20 Yanvar hadisələrində şəhid olmuş və sağlamlığını itirən əlillərin sosial müdafiəsi hər zaman dövlət başçısının diqqətindədir, həyata keçirilən dövlət siyasətinin önəmli bir hissəsidir.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin həlli aidiyyəti dövlət qurumları qarşısında mühüm vəzifələrdən biri kimi qoyulub. Ölkəmizdə bu istiqamətdə böyük layihələr həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
20 Yanvar tariximizə hüzn, eyni zamanda, bir şərəf günü kimi yazıldı. Zaman keçir və gənc nəsil nümayəndələri bu hadisələr barədə faktlarla tanış olduqca Azərbaycanın müstəqillik tarixi, şərəfli keçmişi ilə qürurlanır, insanlığa düşmən əməlləri ilə yadda qalmış böyük bir imperiyanın güclü ordusuna qarşı çıxmış qəhrəmanları ehtiram və böyük hörmətlə yad edir.
Tədbirin sonunda 20 Yanvar hadisələrinin 30 illiyinə həsr olunan sənədli film nümayiş olunub.