CƏMİYYƏT
Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları Vətənə sədaqət andı içiblər
Bakı, 25 sentyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında kursantların andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, hərbi andı qəbul etmələri münasibətilə şəxsi heyətə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbriki çatdırılıb.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2010-cu il avqustun 10-da Akademiya kompleksinin açılış mərasimində iştirakı qürur hissi ilə xatırlanıb. Qeyd olunub ki, Vətənə sədaqət andı içən kursantların hərbi bilikləri yüksək səviyyədə mənimsəmələri, bacarıqlı, sağlam, peşəkar sərhədçi zabit olmaları üçün Akademiyada hər cür şərait yaradılıb, güclü elm-tədris bazası və yüksəkixtisaslı hərbi-pedaqoji heyət formalaşıb. Akademiyanın zabit-gizir, professor-müəllim heyəti gənc kursantların Vətənin layiqli müdafiəçiləri kimi yetişmələri üçün bilik, təcrübə və bacarıqlarını sərf edirlər.
Gənc kursantlar adından çıxış edənlər hərbi biliklərə dərindən yiyələnəcəklərinə, dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, sərhədçi adını daim uca tutacaqlarına söz veriblər.
Tədbirdə çıxış edən valideynlər övladlarının Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil almaları ilə fəxr etdiklərini bildirib, gənc kursantlara dövlətimizə və xalqımıza sadiq, mətin, mərd zabit kimi yetişərək Vətən torpaqlarının müdafiəsinə daim hazır olmalarını arzulayıblar.