CƏMİYYƏT
Dövlət Sərhəd Xidməti ilə Türkiyənin Silahlı Qüvvələri arasında əməkdaşlığın vəziyyəti yüksək qiymətləndirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Аzərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlərin inkişafına ciddi önəm verərək həyata keçirdiyi dövləti siyasəti sayəsində qarşılıqlı əlaqələrin ən yüksək səviyyədə olduğunu vurğulayıb.
Söhbət zamanı Azərbaycan Respublikasının dövlət sərhədindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Bununla yanaşı, qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiklərin daşınması və digər transsərhəd cinayətkarlıq fəaliyyətləri ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və qazanılmış nailiyyətlər barədə məlumat verilib.
Görüşdə ölkələrimiz arasında sərhəd mühafizəsinin möhkəmləndirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, birgə təlimlərin təşkili, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da görüşdə iştirak edib.