CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsinin iştirakçısı olmuş hərbi qulluqçuları Silahlı Qüvvələrin ehtiyatına buraxılıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən müharibəsinin iştirakçısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə oktyabrın 27-də “Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov çıxış edərək hər bir sərhədçinin Azərbaycan Prezidenti, milli dövlətçilik tariximizin ən böyük sərkərdəsi İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə müqəddəs savaşın qalib əsgəri olması, bütövləşmiş ölkəmizin dövlət sərhədlərində vüqarla dalğalanan üçrəngli bayrağımız altında şərəflə xidmət aparması ilə qürur duyduğunu vurğulayıb.
Dövlət Sərhəd Xidmətinin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan çavuş və əsgərlərin Vətən müharibəsində böyük qəhrəmanlıqla vuruşmaları, onların döyüş məharəti, vətənpərvərliyi və mübarizliyi nəticəsində tarixi Qələbənin qazanılmasında Azərbaycan sərhədçilərinin xüsusi rolunun ən ali səviyyədə dəyərləndirildiyi qeyd olunub, dövləti maraqlarımızı layiqincə müdafiə edən övladlar yetişdirdiklərinə görə onların valideynlərinə minnətdarlıq bildirilib.
Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə canlarını fəda edərək xalqımıza Qələbə sevincini yaşatmış şəhidlərimizin əbədi ehtiramla yad ediləcəyi, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün hər zaman örnək olacağı vurğulanıb.
Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə medallar təqdim olunub.
Tədbirin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə şəkilləri çəkilib və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıb.