CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin əməkdaşları İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısını almışlar VİDEO
Bakı, 23 aprel (AZƏRTAC). Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı aparılan mübarizə tədbirləri nəticəsində dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qanunsuz yolla keçirilməsinin qarşısı alınmış, ümumilikdə, 58 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 12-də gecə saat 00:10 radələrində Horadiz Sərhəd Dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikası istiqamətində külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edən naməlum şəxs ərazidə xidmət aparan DSX-nin hərbi qulluqçuları tərəfindən aşkar edilmişdir. Onun Azərbaycan Respublikası ərazisinə daxil olmasının qarşısı alınmış, nəticədə sərhəd pozucusu müqavimətlə rastlaşıb geri qaçmağa məcbur olmuşdur. Sərhəd pozucusunun hərəkət marşrutu üzrə ərazidə axtarış tədbirləri keçirilmiş, nəticədə 3 kiloqrama yaxın tiryək aşkar edilərək götürülmüşdür.
Bundan əlavə, aprelin 15-də saat 22:15–də Göytəpə Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edən 3 nəfərdən ibarət dəstə ərazidə xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilmişdir. Sərhəd pozucuları DSX əməkdaşlarının müqaviməti ilə rastlaşıb geri qaçmağa məcbur olmuşlar. Keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə 9,1 kiloqram heroin, 14 kiloqram tiryək, 22,9 kiloqram həşiş qətranı, 8,7 kiloqram qurudulmuş marixuana, 120 qram kristal formasında heroin və 300 ml qabda metodon məhlulu aşkar edilərək götürülmüşdür.
Hər iki faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-ci, 206-cı, 234–cü maddələri ilə cinayət işləri başlanılmışdır.
Hazırda həmin cinayət işləri üzrə cinayətin iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.