Dövlət Sərhəd Xidmətinin əməkdaşları Milli Arxiv İdarəsində olublar
AzerTAg.az
Bakı, 15 mart, AZƏRTAC
“Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında dövlət başçısının müvafiq Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq, dövlət qurumları, idarə müəssisə və təşkilatlarda arxiv işinin müasir tələblər çərçivəsində qurulması, bu sahədə qanunvericiliyin tələblərinin qorunması istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.
“Dövlət Proqramı”nda nəzərə tutulan tədbirlərin icrası, o cümlədən arxiv işinin təşkili, arxiv sənədlərinin mühafizəsi, qeydiyyatı, istifadəsi, rəqəmsallaşdırılması sahəsində təcrübələrin öyrənilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşı Milli Arxiv İdarəsində və Respublika Dövlət Arxivlərində olublar.
AZƏRTAC xəbər verir ki, Xidmətin arxiv işinə məsul əməkdaşları Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulova görüşüb, yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər. Milli Arxiv İdarəsi ilə Dövlət Sərhəd Xidməti arasında işgüzar əlaqələrin, arxiv işi sahəsində qanunvericiliklə tənzimlənən münasibətlərin, o cümlədən Dövlət Sərhəd Xidmətinin aparatının inzibati binasında yaradılmış “Siyasi repressiya qurbanları muzeyi”nin təşkilində, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə arxiv sənədlərinin Dövlət Komissiyasına təqdim olunması istiqamətində görülən işlər qeyd edilib.
Sonra İdarə aparatının müvafiq şöbələrində, həmçinin Respublika Dövlət Arxivlərində ayrı-ayrılıqda görüşlər təşkil olunub, müvafiq sahələr üzrə təcrübə mübadiləsi həyata keçirilib.
Görüş zamanı arxiv işinin təşkilinə dair müvafiq normativ aktlar, təlimatlar, o cümlədən son dövrlərdə İdarə tərəfindən nəşr edilmiş sənəd topluları, göstəricilər və digər vəsaitlər Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təqdim olunub.




Xəbərin mətnində orfoqrafik səhv var