CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısını alıb VİDEO
Bakı, 13 may, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb. Bu tədbirlər nəticəsində ümumilikdə 18 kiloqrama yaxın narkotik vasitə saxlanılıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mayın 10-da saat 00:45 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Xidmətin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 15 kiloqram həşiş qətranının Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb. Sərhəd pozucusu dövlət sərhəd xəttinin bilavasitə yaxınlığında olmasından istifadə edərək geriyə qaçmağa müvəffəq olub.
Bundan başqa, Horadiz sərhəd dəstəsinin Füzuli rayonunda yerləşən sərhəd zastavasının xidməti ərazisində mayın 10-da saat 01:50 radələrində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Saatlı rayon sakini, 1981-ci il təvəllüdlü Rüstəmov İlham Qardaşxan oğlu 3 kiloqram marixuana ilə birlikdə saxlanılıb.
Qeyd olunan faktlarla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanılıb. Saxlanılmış şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda həmin cinayət işləri üzrə digər iştirakçıların müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.