CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində “Sərhəd” hərbi-idman oyunları keçirilir
Bakı, 20 may, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX), Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq, DSX-nin hərbi hissələrində ənənəvi “Sərhəd” hərbi-idman oyunları keçirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, hərbi-idman oyunlarının məqsədi məktəblilərin hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi, ölkəmizin gələcək müdafiəçilərinin vətənpərvər ruhda yetişdirilməsi, onların sərhədçi peşəsinə maraqlarının artırılması və hərtərəfli formalaşmalarına töhfə verməkdir.
Üç mərhələdə keçirilən “Sərhəd” hərbi-idman oyunlarında respublikanın 36 rayonundan 181 məktəbin 905 şagirdi iştirak edir. Məktəblilərin böyük maraqla qatıldığı oyunlarda komandalar “Sıra hazırlığı”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə edilməsi”, “Ləpirçilik”, “TOZ-8 tüfəngindən hədəfə atəş”, “Sərhəd pozucusunun yaxalanması və təxliyə edilməsi”, “Maskalanma”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülüb-yığılması” üzrə tapşırıqları yerinə yetirərək öz bilik və bacarıqlarını nümayiş etdirirlər.
Hərbi idman oyunların birinci mərhələsinin yekunlarına əsasən 40 komanda ikinci mərhələyə vəsiqə qazanıb, gərgin mübarizə şəraitində davam edən oyunlar iyunun 10-dək davam edəcək.
Tədbirlər müddətində məktəblilər hərbi hissələrdə yaradılmış şəraitlə tanış olacaq, mədəni-kütləvi tədbirlərdə, bilik və hərbi yarışlarda iştirak edəcəklər.