CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələri tərəfindən taktiki döyüş təliminə start verilib VİDEO
Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 10-da Dövlət Sərhəd Xidmətinin (DSX) silahlı birləşmələri tərəfindən “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi” mövzusunda taktiki döyüş təliminə start verilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhdidlərə qarşı səmərəli mübarizənin təmin olunması, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Bu tədbirlər arasında Xidmətin Sahil Mühafizəsi və Çevik Hərəkət Qüvvələri tərəfindən birgə keçirilən taktiki döyüş təlimləri xüsusi yer tutur.
Xəzər dənizində Azərbaycan Respublikasının dövləti maraqlarının qorunması imkanlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimin əsas hədəfləri Xəzərdə neft-qaz ehtiyatlarının hasilatı və daşınması infras¬trukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili, dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, sualtı təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi, gəmi və helikopterlərlə sərhəd axtarışının aparılması, raket-artilleriya qurğularından atışların keçirilməsi, Xəzər hövzəsindən qanunsuz məqsədlərlə istifadə hallarının, o cümlədən narkotik vasitələrin və digər qaçaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınmasıdır.
Təlimdən əvvəl DSX Çevik Hərəkət Qüvvələrinin bazasında təlimə cəlb olunan helikopterlərə, pilotsuz uçan aparatlara, komanda-qərargah maşınlarına və xüsusi nəqliyyat vasitələrinə, çevik bölmələrin şəxsi heyətinə, Sahil Mühafizəsinin sahil bazasında sərhəd gözətçi gəmilərinə, dənizçi şəxsi heyətə, döyüş texnikasına, xüsusi dalğıc avadanlıqlarına, rabitə ləvazimatlarına, kinoloji bölmələrə sıra baxışları keçirilib, onların təlimə hazırlıq səviyyəsi yoxlanılıb.
Sıra baxışları yekunlaşdırıldıqdan sonra təlimə cəlb olunan sərhəd gözətçi gəmiləri, uçuş vasitələri, digər xüsusi texnika və şəxsi heyət tərəfindən təlim üzrə tapşırıqların icrasına başlanılıb.