REGİONLAR
Dövlət Sort-Sınaq məntəqələrində sınaqda olan pambıq sortlarının yığımı yekunlaşır
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycanda ənənəvi kənd təsərrüfatı sahəsi olan pambıqçılığın inkişafı istiqamətində son illərdə ciddi addımlar atılır. Respublika ərazisində pambığa aid əkin sahələri genişləndirilir, yeni məhsuldar sortlar qeydiyyata alınaraq istehsalatda tətbiq olunur. Bu məqsədlə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin müvafiq sort-sınaq məntəqələrində yeni pambıq sortlarına aid sort-sınaq işlərinin aparılması ilə bərabər pambığın istehsalat əkinlərinə də geniş yer verilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Salyan Dövlət Sort-Sınaq Məntəqəsində (Salyan DSSM) pambıq bitkisinə aid 19 yerli və xarici sortdan ibarət sort-sınaq işləri görülüb. Sortlar üzrə ayrı-ayrılıqda fenoloji müşahidələr aparılıb, məhsuldarlıq göstəriciləri təyin edilib və kimyəvi analiz aparmaq üçün nümunələr Bakı Kimya Texnoloji Laboratoriyasına göndərilib. Məntəqədə UPOV (Yeni Bitki Sortlarının Mühafizəsi haqqında Beynəlxalq Konvensiya) metodikasına uyğun olaraq pambıq sortlarının 41 xüsusiyyəti üzrə qiymətləndirmə işləri yerinə yetirilərək fərqlilik, oxşarlıq və sabitlik əlamətləri müəyyən edilib. Bundan başqa, Salyan DSSM-də 14 hektar sahədə pambıq becərilib və 38 ton məhsul əldə edilib. Orta məhsuldarlıq məntəqə üzrə 27,5 sentner/hektar olub.
Ağdam Dövlət Sort-Sınaq Məntəqəsində 18 hektar sahədə pambıq becərilib və 52,2 ton məhsul toplanıb. Orta məhsuldarlıq məntəqə üzrə 29 sentner/hektar təşkil edib.
Kürdəmir Pambıq Toxumu üzrə Sınaq Məntəqəsində isə cari ildə 30 hektar sahədə pambıq becərilib. Bu günə qədər sahədən 61 ton məhsul yığılıb və orta məhsuldarlıq hər hektara 20 sentner olub.
Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin qeyd olunan sort-sınaq məntəqələrində pambıq yığımı yekunlaşmaq üzrədir.