CƏMİYYƏT
Dövlət Sosial Müdafiə Fondu Moldovanın Milli Sosial Sığorta Kassası ilə təcrübə mübadiləsi aparır
Bakı, 27 iyul, AZƏRTAC
Moldova Respublikası Milli Sosial Sığorta Kassasının nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə sosial sığorta və sosial təminat sahəsində təcrübə mübadiləsi aparmaq üçün ölkəmizə səfərə gəlib.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti əvvəlcə DSMF-nin rəhbər şəxsləri ilə birgə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.
DSMF-də keçirilən görüşdə fondun sədri Himalay Məmişov Azərbaycanla Moldova arasında əlaqələrin daim inkişaf etdiyini vurğulayıb, əməkdaşlıq gündəliyinin sosial sahəni də əhatə etdiyini deyib. O, ölkəmizdə sosial sahədə genişmiqyaslı islahatların aparıldığını vurğulayıb. Əldə olunan innovativ yenilikləri, uğurlu nəticələri diqqətə çatdırıb.
H.Məmişov Moldovanın Milli Sosial Sığorta Kassası ilə sosial sığorta və sosial təminat sahəsində təcrübələrin bölüşülməsinin qarşılıqlı faydalı olduğunu deyib.
Nümayəndə heyətinin rəhbəri, Moldovanın Milli Sosial Sığorta Kassasının baş direktorunun müavini Svetlana Daskal DSMF ilə təcrübə mübadilələrinə xüsusi önəm verdiklərini qeyd edib. O, hazırkı səfərin də bu baxımdan çox səmərəli olacağına əminliyini bildirib.
Görüş zamanı ölkəmizdə fərdi uçot və sosial sığorta, pensiya təminatı və sosial ödənişlərin təyinatı, bu sahələrdə islahatlarla bağlı nümayəndə heyəti üçün təqdimatlar edilib, onların sualları cavablandırılıb. Həmçinin nümayəndə heyəti müvafiq sahələrlə bağlı Moldovanın təcrübəsinə dair təqdimatlarla çıxış edib.
Səfər çərçivəsində DOST konsepsiyası, ölkəmizdə əməyin mühafizəsi, işçilərin həyat və sağlamlığının qorunması sahəsində görülən sistemli tədbirlərə, vətəndaşların qəbulu və müraciətlərinə baxılması praktikasına dair və s. təqdimatların edilməsi də nəzərdə tutulur.