CƏMİYYƏT
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı şəraitində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində artım sürəti davam edir. Belə ki, bu ilin doqquz ayında Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,07 faiz (və ya 406,84 milyon manat) artaraq 2938,01 milyon manata çatıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33 faiz (və ya 154,99 milyon manat) artım özünü göstərib.
Qeyri-büdcə sektoru üzrə daxilolmaların artırılması istiqamətində görülən tədbirlər də müsbət nəticə verir. Bu ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində həmin sektora aid daxilolmalar üzrə 9 faizə yaxın (87,81 milyon manat) artım qeydə alınıb.
Beləliklə, qeyri-büdcə sektoru üzrə daxilolmalara dair proqnoz 103,3 faiz yerinə yetirilib.