İQTİSADİYYAT
Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı Vilnüsdə təşkil olunan təlimdə iştirak edib
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) bir qrup əməkdaşı Avropa İttifaqının “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” tvinninq layihəsi çərçivəsində Litva Statistika Departamentində olub.
DSK-dan AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi biznes statistikası məlumatlarının istehsalı, GSBPM üzrə müəssisələr statistikasının aparılması, Biznes reyestrin keyfiyyəti və seçmə şəbəkəsinin formalaşdırılması üzrə Dövlət Statistika Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının potensialının artırılmasından ibarətdir.
Litva Statistika Departamentinin mütəxəssisləri tərəfindən Litva statistikasında biznes statistikası məlumatlarının istehsalı, proseslər xəritəsinin əsas alt prosesləri, qısamüddətli biznes statistikası üçün GSBPM üzrə həyata keçirilən istehsal prosesi, sənaye, ticarət, ictimai iaşə, tikinti sahəsində fəaliyyət göstərən müəssisələrin statistik müayinəsinə dair Litva təcrübəsi və s. mövzulara dair təqdimatlar edilib. Təlim iştirakçıları litvalı mütəxəssislərlə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb.
Səfərdə Dövlət Statistika Komitəsinin nümayəndələri ilə yanaşı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları da iştirak ediblər.