İQTİSADİYYAT
Dövlət Su Ehtiyatları Agentliyi jurnalistləri Salyan və Neftçala rayonlarının su təsərrüfatı ilə tanış edib










Salyan, Neftçala, 3 iyun, AZƏRTAC
İyunun 3-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Salyan və Neftçala rayonlarına mediatur keçirib.
AZƏRTAC xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər Salyan və Neftçala rayonlarındakı su-nasos stansiyaları ilə tanış olublar.
İlk olaraq media nümayəndələri Salyan rayonunda Kürkənd nasos stansiyasında olublar. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin müdir müavini Qulu Kərimov stansiya ilə bağlı məlumat verərək bildirib ki, 2022-ci ildə əsaslı təmir olunmuş 2 üzən aqreqatlı Kürkənd nasos stansiyası Salyan rayonunun 3 kəndinin 2 min 840 hektar əkin sahəsinə xidmət göstərir.
O əlavə edib ki, 1982-ci ildən fəaliyyət göstərən Kürkənd nasos stansiyasının uzunluğu 16,2 km, məhsuldarlığı 3,2 m3/san-dir. Onun sözlərinə görə, hazırda Salyan rayonunda 46 min hektar əkin sahəsi su ilə təmin olunur. 15 min hektar taxıl sahəsinin birinci və ikinci suvarma vegetasiyası başa çatıb. 10 min hektar pambıq sahəsinə su verilib.
Növbəti mediatur marşrutu Birləşmiş Akuşa nasos stansiyası oldu. Qulu Kərimov qeyd etdi ki, Salyan rayonu ərazisində yerləşən uzunluğu 34,4 km olan Magistral Akuşa suvarma kanalı 19 min 200 hektar əkin sahəsinə xidmət göstərir. 1957-ci ildən fəaliyyət göstərən Birləşmiş Akuşa nasos stansiyası “Vlaqa-7”, “Vlaqa-8” üzən və “Akuşa-2” stasionar nasos stansiyalarından ibarətdir.
Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəsmisi qeyd edib ki, Ulu Öndər Heydər Əliyev təməlini qoyduğu 12 aqreqatlı “Akuşa-2” stasionar nasos stansiyası 1981-ci ildə istismara verilib.
Daha sonra mediatur iştirakçıları Neftçala Magistral Kanalında olublar.
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sektor müdiri Dilqəm Şərifov kanalla bağlı məlumat verərək bildirib ki, ölkəmizdə də bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir.
Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi də belə layihələrdəndir. Bu da göstərir ki, ölkədə kənd təsərrüfatı istehsalının artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, bu sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
Onun sözlərinə görə, 2004-2008-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilən “Neftçala rayonu üzrə pambıqçılığın və taxılçılığın inkişaf etdirilməsi” tədbirinin icrasını təmin etmək məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən “Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi” layihəsinin icrasına 2006-cı ildə başlanılıb. 2017-ci il 24 sentyabrda Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Neftçala Magistral Kanalı nasos stansiyası 8 aqreqatlı 2 ədəd üzən nasos stansiyalarından ibarətdir.
D.Şərifov əlavə edib ki, nasos stansiyasının ümumi məhsuldarlığı 14,4 m3/san, ümumi gücü 5040 kvt, beton üzlüklü beton kanalın uzunluğu 24,9 km-dir. Neftçala Magistral Kanalı 20 min 205 hektar əkin sahəsinə xidmət edir.
Sonra media nümayəndələri Kürün əsas qolunda suaşıran bəndlə tanış edilib. Bəndin uzunluğu 350 m, eni 16 m, hündürlüyü 4,5 m-dir. Bəndin tərkibi çınqıl-çaqıl daş tökmədən ibarətdir, su ötürmə qabiliyyəti isə 735 m3/san-dir. Cari ildə faktiki keçən su (təxmini) 100-120 m3/san-dir. Kür çayının aşağı axınında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlərə ötən ilin noyabrında başlanılıb. Bu ilin yanvarında yekunlaşıb.
Bundan başqa, mediatur çərçivəsində jurnalistlərə Neftçala rayonunda su, kanalizasiya təsərrüfatında görülən işlərlə bağlı məlumat verilib.
“Azərsu" ASC-nin sədr müavini İlqar Tağıyev qeyd edib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq 2020-ci ildə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmər çəkilib və Salyan şəhərinin yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı inşa edilib.
Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayında həmin kəmərdən Neftçala şəhərinə suyun verilməsi təmin olunub. Şəhərin su təchizatında dayanıqlığın təmin olunması, həmçinin içməli sudan ciddi əziyyət çəkən digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin layihəsi əsasında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 38 km uzunluğunda ikinci magistral su kəməri çəkilib və 2023-cü ilin may ayında istismara verilib.
Vurğulayıb ki, bu kəmərlərdən perspektiv inkişaf nəzərə alınmaqla Neftçala şəhəri, kənd və qəsəbələrin 80 mindən artıq sakini faydalanacaq.
"Azərsu" ASC-nin sədr müavini bildirib ki, Neftçala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına həyata keçirilir. Magistral kəmərlərin inşası ilə paralel olaraq Neftçala şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulmasına başlanılıb və mərhələlərlə davam etdirilir. İndiyədək layihədə nəzərdə tutulan 144 km içməli su şəbəkəsinin 140 km-lik hissəsi yekunlaşıb. Neftçala şəhərində 140 km layihələndirilən kanalizasiya şəbəkəsinin 10 km-lik hissəsi inşa edilib, işlər davam etdirilir. Eyni zamanda Bankə qəsəbəsində 39 km mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb.
İlqar Tağıyev bildirib ki, layihə çərçivəsində gələcəkdə 8,6 km kanalizasiya kollektoru və tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək.
Vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Neftçala rayonunun içməli su çatışmazlığından əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə layihə icra olunub. Layihə 27 yaşayış məntəqəsini əhatə edir və kəndlərdə ümumi uzunluğu 90 km olan daşıyıcı içməli su xətləri inşa edilib.
İ.Tağıyev əlavə edib ki, Şirvan-Muğan qrup su kəməri 2012-2013-cü illərdə inşa edilib. 107 km uzunluğunda olan kəmər Kür-Sutəmizləyici Qurğular Kompleksindən çəkilmiş Kür-Bakı magistral kəmərindən qidalanır.
Onun sözlərinə görə, kəmərin marşrutu boyu yaşayış məntəqələrinin içməli su ilə təmin edilməsi məqsədilə Hacıqabul, Şirvan, Salyan və Biləsuvar şəhərlərində ümumi tutumu 50 min kubmetr olan su anbarları inşa olunub. Vurğulayıb ki, magistral kəmərdən Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərləri, həmçinin kəmərin marşrutu boyu yerləşən kəndlər içməli su ilə təmin olunur. Bu layihədən perspektivdə 470 min nəfər faydalanacaq.