CƏMİYYƏT
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantların andiçmə mərasimi keçirilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantların andiçmə mərasimi keçirilib.
Xidmətin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Akademiyanın müəllim-professor heyəti, gənc kursantlar və valideynlər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Ulu öndər Heydər Əliyevin Akademiyada ucaldılan abidəsi önünə də gül dəstələri qoyulub.
Mərasimdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Sonra kursantlar təntənəli surətdə and içiblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev çıxış edərək kursantları, valideynləri, Akademiyanın bütün şəxsi heyətini əlamətdar gün münasibətilə təbrik edib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsinin kursantı olmağa layiq görülən gənclər məsul və şərəfli peşənin sirlərinə dərindən yiyələnərək əsl zabit kimi yetişməlidirlər. Ulu Öndərin azərbaycançılıq irsini öyrənmək, onun ideya və amallarına daim sadiq qalmaq hər bir kursantın mənəvi və vətəndaşlıq borcudur. Eyni zamanda, kursantlar əsl hərbçi kimi yüksək əxlaqi keyfiyyətlərə malik olmalı, təhsildə və xidmətdə əla nəticələr göstərməli, bütün vəzifələri vicdanla yerinə yetirməli, doğma torpağını, xalqını və dövlətini sonsuz məhəbbətlə sevməlidirlər.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması, möhkəmləndirilməsi siyasi xəttini uğurla davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir. Dövlətimizin başçısının qətiyyətli idarəçiliyi, beynəlxalq siyasi nüfuzu, ümumxalq məhəbbəti belə deməyə əsas verir ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük nailiyyətlərə və yeni zəfərlərə doğru inamla addımlayır.
General-leytenant Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinin Ali Baş Komandan İlham Əliyevin müstəqil və güclü Azərbaycanın maraqlarının və təhlükəsizliyinin etibarlı qorunması üzrə siyasət xəttinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün bütün əmr və göstərişlərini bundan sonra da dərhal və vicdanla yerinə yetirəcəyini bildirib.
Sonda xatirə şəkli çəkdirilib.