MƏDƏNİYYƏT
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində növbəti sərgi 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilib
Bakı, 21 yanvar, AZƏRTAC
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində açılan rəsm sərgisi 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə təşkil olunub. Həqiqətən 20 Yanvar faciəsi Azərbaycan tarixinin qanlı səhifəsidir. Bu, demokratik və inkişaf yolunda olan xalqımıza qarşı qəddar münasibətin göstəricisi idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin rəisi, Əməkdar artist Cabir İmanov sözügedən sərginin açılış mərasimində deyib. Bildirib ki, sərgi faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, ölkəmizin azadlığı uğrunda canından keçən həmvətənlərimizin qəhrəmanlıq yolunu gənc nəslə örnək olaraq göstərir.
“Ekspozisiyada Mədəniyyət Mərkəzinin tabeliyində olan rəsm dərnəyinin üzvlərinin işləri sərgilənir. Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda Vətən... Sərgidə gördüyümüz işlər balacaların o faciənin şahidi olmamalarına baxmayaraq, Vətənin faciəsini olduğu kimi, dəqiq təsvir etməklə tablolara köçürmələri olduqca təsirlidir, mükəmməldir. Bu işdə əziyyəti olan hər kəsə təşəkkür edirəm”, - deyə C.İmanov söyləyib.
Rəsm dərnəyinin müəllimləri Mərziyyə Kərimli, Reyhan Osmanova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərova sərginin əhəmiyyətindən söz açıb, təqdim edilən əsərlərin məna və məzmun baxımından heyranlıqla qarşılandığını qeyd ediblər.
Vurğulanıb ki, sərgidə dərnəyin 30-dan çox üzvünün əsərləri nümayiş edilir. Sərgi bir həftə ziyarətçilər üçün açıq qalacaq.
Tədbir çərçivəsində balacalar tərəfindən vətənpərvərlik ruhunda bir sıra şeirlər səsləndirilib.
Sonda əsərləri sərgilənən balacalara mədəniyyət mərkəzi tərəfindən diplomlar təqdim olunub.