CƏMİYYƏT
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir qrup deputatla görüş olub
Bakı, 2 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Milli Məclisin deputatları Musa Quliyev, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, Arzu Nağıyev, Aqil Məmmədov, İlham Məmmədov və Soltan Məmmədovla görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə agentliyin sədri Anar Bayramov tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində aparılan işlər barədə məlumat verib. O, əlilliyin qiymətləndirilməsi üzrə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi üçün son aylarda tətbiq olunan yenilikləri qeyd edərək nəticədə həmin e-sistemin funksional imkanlarının xeyli genişləndiyini, tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf, obyektiv həyata keçirilməsi imkanlarının artdığını bildirib.
A.Bayramov 2021-ci ilin ötən dövründə 50 mindən çox şəxsə əlillik təyin edildiyini və Vətən müharibəsinin 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparıldığını qeyd edib.
Əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı işlərindən də bəhs olunub.
Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 2019-2021-ci illərdə agentliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.
Müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizin də yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatında mühüm bazadır. Agentliyin reabilitasiya müəssisələrində 1600 qaziyə, bu ilin 11 ayında əlilliyi olan şəxslərə, habelə müharibə əlilləri də daxil olmaqla 7500-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib. Yaxın günlərdə Qəbələ Uşaq Reabilitasiya Mərkəzi, gələn il isə Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək.
2021-ci ilin 11 ayı ərzində agentlik tərəfindən 8 minə yaxın əlilliyi olan şəxsə 41 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsi, o cümlədən mühərrikli təkərli 953 oturacaq verilib. O cümlədən, 1084 müharibə əlilinə 10823 reabilitasiya vasitəsi təqdim edilib. Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçi 172 ən müasir 4-cü nəsil elektron protezlə təmin edilib.
Görüşdə əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsi ilə əlaqədar deputatların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb, müvafiq mövzuda fikir mübadiləsi aparılıb.