MƏDƏNİYYƏT


Dövlət Turizm Agentliyi jurnalistlər üçün press-tur təşkil edib

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna press-tur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tanışlıq zamanı media nümayəndələrinə qoruq haqqında ətraflı məlumat verilib.

Dövlət Turizm Nazirliyinin sədri Fuad Nağıyev bildirib ki, Yanardağa turist axını dinamik şəkildə davam edir. Əcnəbi turistlərlə yanaşı, yerli əhali də bu abidəni ziyarət edir. Qeyd edib ki, bu təbliğat davam etməlidir. Bununla bağlı bütün otellərdə qoruqla bağlı məlumatlar yerləşdirilib.

Agentliyin mətbuat katibi Kənan Quluzadə deyib ki, Yanardağda bu ilin avqustundan fərqli qiymətlərlə xidmət göstəriləcək. Yerli turistlər üçün köhnə qiymətlər sabit qalacaq. Bildirib ki, Turizm Agentliyinin nəzdində fəaliyyət göstərən Atəşgah və Yanardağ komplekslərinə gəlmək üçün turistlər üçün “Baku City tour” avtobusları cəlb edilib. Bu avtobuslardan həm yerli, həm də xarici turistlər çox rahatlıqla istifadə edə bilərlər.

Dövlət Turizm Agentliyinin baş memarı Qasımov Nizami qeyd edib ki, dövlət başçısının Sərəncamından sonra səkkiz ay müddətində memarlıq baxımından çox böyük işlər görülüb. Əsas məqsəd alovun təbiiliyini qorumaq, eyni zamanda, ona baxışın müasir formada qurulduğundan ibarət olub. Qoruqda dörd korpus yaradılıb. Bunlar inzibati bina, muzey mərkəzi, sərgi kafe və amfiteatrdır. Burada yerli və əcnəbi turistlərin bütün maraqları nəzərə alınıb. Əsasən ailəli gələn ziyarətçilərə uşaqlar üçün əyləncə guşəsi də əlavə olaraq düzəldilib.

"Yanardağa maraq oyatmaq üçün konseptual prizmadan yanaşmışıq. Düşünürük ki, bunu bütün qoruqlarda tətbiq edək”, - deyə baş memar vurğulayıb.

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edən israilli turist Tikva Cizella burada gördüklərindən heyran olduğunu söyləyib. Turist qeyd edib ki, Bakı çox təmiz şəhərdir. Yanardağa gələn turistlər buradan yaxşı təəssüratlarla ayrılırlar. Buranın insanları da çox mehribandır.

Qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.