MƏDƏNİYYƏT


Dövlət Turizm Agentliyinin sədri rusiyalı turistləri Azərbaycana dəvət edib

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycana turistləri cəlb etmək üçün tək Rusiyanın mərkəzində deyil, həmçinin regionlarında da aktiv iş aparılması vacibdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin İnvestisiya və İnkişaf Nazirliyinin təşkilatçılığı ilə aprelin 25-26-da Yekaterinburq şəhərində keçirilən “Bolşoy Ural-2019” VII beynəlxalq turizm forumu çərçivəsində təşkil olunan mətbuat konfransında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O qeyd edib ki, Rusiya Azərbaycan turizmi üçün ən əsas bazarlardan biridir və burada aktiv təbliğat işləri aparılır.

İlin əvvəlindən başlayaraq Azərbaycan artıq Rusiyada bir neçə beynəlxalq və regional əhəmiyyətli tədbirlərdə, həmçinin “MİTT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisi”ndə iştirak edib, turizm şirkətləri ilə işgüzar görüşlər keçirilib. 2018-ci ilin dekabrından etibarən isə Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətə başlayıb.

Azərbaycanın geniş turizm potensialından danışan agentlik sədri çıxışında ötən il Azərbaycana Rusiyadan 870 mindən çox, bu ilin ilk 3 ayı ərzində isə 167 mindən çox rusiyalı ziyarətçinin gəldiyi haqqında məlumat verib.

Rusiyanın Azərbaycan turizm bazarının əsas iştirakçılarından biri olduğunu, rusiyalı turistlər üçün dil baryerinin olmaması, tolerantlıq, təhlükəsizlik səbəbindən Azərbaycanın daha rahat səyahət ölkəsi olduğunu, rusiyalı turistlərin ölkəmizin mədəni-tarixi irsinə maraq göstərdiyini, əylənmək və dincəlmək üçün geniş seçim imkanlarının mövcudluğunu vurğulayıb. O bildirib ki, rusiyalı turistlər tək istirahət üçün deyil, həmçinin Azərbaycanda keçirilən “Formula 1”, UEFA Avropa Liqasının final oyunu kimi beynəlxalq yarışlara xüsusi maraq göstərirlər, şərab festivallarında iştirak edirlər.

Fuad Nağıyev qeyd edib ki, Rusiyadan Azərbaycana turistlərin cəlb edilməsi üçün tək mərkəzdə - Sankt-Peterburq və Moskva şəhərlərində deyil, həmçinin bütün regionlarında işləmək lazımdır. Ötən dövr ərzində Şimali Qafqaz regionu, Həştərxan vilayəti, Altay diyarı ilə turizm əlaqələri intensivləşdirilib, Sverdlovsk vilayəti, həmçinin Yekaterinburq şəhəri ilə də turizm əlaqələrinin artırılması istiqamətində işlər görülür.

O xatırladıb ki, Azərbaycan ötən il “Bolşoy Ural” forumunun rəsmi tərəfdaşı kimi çıxış edib, bu il isə tədbirdə nümayəndə heyəti ilə təmsil olunması Azərbaycan tərəfindən bu regiona olan diqqətdən xəbər verir. 2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işlərinin intensivləşdirilməsi istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Sverdlovsk vilayətinin mərkəzi Yekaterinburq şəhərində Azərbaycan Respublikasının Baş konsulluğu fəaliyyət göstərir və konsulluğun akkreditasiya ərazisinə Ural, Sibir və Uzaq Şərq regionu daxildir. Sverdlovsk və Rusiyanın digər vilayətləri ilə turizm imkanlarının təbliğatı işində Baş konsulluq fəal iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.