İQTİSADİYYAT


Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərində monitorinqlərə başlayıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Dövlət Vergi Xidməti (DVX) sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl edilməsi məqsədilə monitorinqlərə başlayıb.

DVX-dən AZƏRTAC-a bildirilib ki, monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskadan istifadə etməsi və ara məsafəsinin gözlənilməsi kimi tələblərə riayət edilməsi vəziyyəti yoxlanılır.

Nəzarət prosesinin həyata keçirilməsi zamanı bir sıra məsələlərə xüsusi diqqət yetiriləcək. Bunlara təsərrüfat obyektlərində sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska ilə təmin edilməsinə, habelə tibbi maskadan istifadə olunmasına, təsərrüfat obyektlərinin ərazisindəki, o cümlədən kassaların qarşısındakı insanlar arasında 1,5-2 metrlik ara məsafəsinə əməl olunmasına, müştərilərin təsərrüfat obyektlərinə yalnız maskalarla daxil olmasına, maskası olmayan şəxslərə girişdə maskaların təqdim edilməsinə nəzarət daxildir.

Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq ediləcək.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, karantin dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə - vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər isə altı yüz manat məbləğində cərimə edilir. Bir il ərzində bu pozuntunun təkrar yol verilməsinə görə vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər isə min iki yüz manat məbləğində cərimə olunur.

Dövlət Vergi Xidməti tərəfindən ticarət məntəqələrində monitorinqlər gündəlik formatda davam etdiriləcək və müəyyən olunmuş qayda və tələblərin pozulması hallarına yol verən sahibkarlıq subyektlərinə qarşı ciddi tələblər görüləcək.

Vergiödəyicilərinin nəzərinə bir daha çatdırılır ki, karantin qaydalarına tam əməl edilməli, işçilər qoruyucu maska ilə təmin olunmalı, müştərilər arasında sosial ara məsafəsinin qorunmasına ciddi nəzarət edilməli, maskadan istifadə etməyən şəxslərin ticarət obyektlərinə daxil olmasına yol verilməməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.