Dövlət Vergi Xidməti transfer qiymətlərinin tətbiqi məqsədilə yeni beynəlxalq məlumat bazasına qoşulub
AzerTAg.az

Bakı, 5 noyabr, AZƏRTAC
Beynəlxalq vergi əməkdaşlığının inkişafı və bu sahədə beynəlxalq standartların tətbiqi vergidən yayınma ilə mübarizədə uğurlu yollardan biridir.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın vergi sistemini qabaqcıl təcrübələrə və beynəlxalq standartlara uyğun inkişaf etdirmək məqsədilə əhəmiyyətli platformalarla sıx əməkdaşlıq edilir. Bu baxımdan, Dövlət Vergi Xidməti tərəfindən transfer qiymətqoyması üzrə qanunvericiliyin və transfer qiymətləri ilə bağlı auditin tətbiqi, eləcə də transfer qiymətləri haqqında qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və qabaqcıl təcrübəyə əsaslanan audit prosesləri üçün resursların yaradılması kimi məsələlər diqqətdə saxlanılır.
Qeyd olunub ki, transfer qiymətləri müəyyən edilərkən, Vergi Məcəlləsinə uyğun olaraq, birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, vergiödəyicilərinin vergi orqanına təqdim etdiyi məlumatlardan, açıq məlumat mənbələrində yerləşdirilmiş hesabatlardakı məlumatlardan və digər müvafiq mənbələrdən istifadə olunur. Bundan əlavə, “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları”na əsasən, belə qiymətlərin müəyyən edilməsi üçün beynəlxalq məlumat mənbələrindən də istifadə olunması zəruri hesab edilir.
Bunu nəzərə alaraq, Dövlət Vergi Xidməti “İnformasiya bazasına çıxış və məlumatların yenilənməsi xidmətlərinin göstərilməsi”nin satın alınması üçün “Bureau van Dijk” şirkəti ilə müvafiq müqavilə imzalayıb. Bununla Dövlət Vergi Xidməti dünyanın 50-dən artıq ölkəsinin vergi orqanı tərəfindən transfer qiymətləri ilə əlaqədar həyata keçirilən vergi yoxlamaları üzrə müqayisəli təhlillərin və hesablamaların aparılması üçün istifadə edilən 4 fərqli məlumat bazasından istifadə hüququ əldə edib.
Müasir dövrdə transfer qiyməti beynəlxalq vergitutma sahəsinin aktual mövzularından birinə çevrilib. Bunun əsas səbəbləri sırasında son illərdə beynəlxalq ticarət dövriyyəsinin böyük hissəsinin transmilli şirkətlərin payına düşməsi və dövlətlərin hər il bu sahədə vergidən yayınma halları hesabına külli miqdarda gəlirdən məhrum olması xüsusi yer tutur.
İnformasiya bazasına çıxış və məlumatların yenilənməsi xidmətlərinin təkmilləşdirilməsi ölkə iqtisadiyyatında şəffaflığın artırılması, beynəlxalq vergitutma və məlumat mübadiləsi öhdəliklərinin yerinə yetirilməsi, habelə vergidən yayınma halları ilə mübarizə işinin daha səmərəli təşkilinə təkan verəcək.
Xəbərin mətnində orfoqrafik səhv var