İQTİSADİYYAT
Dövlət Vergi Xidmətində akvakultura və balıq emalı sahəsindəki problemlər müzakirə edilib

Bakı, 17 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı sahəsində qarşılaşdıqları problemlərin və onların aradan qaldırılması ilə bağlı təkliflərin öyrənilməsi istiqamətində görüşləri davam etdirir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, DVX-nin Vergi Siyasəti Baş İdarəsi tərəfindən təşkil edilmiş növbəti belə görüş aidiyyəti ərazi vergi orqanlarının, “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin və bu sahədə fəaliyyət göstərən vergiödəyicilərinin nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.
Görüşdə akvakultura və balıq emalı sahəsindəki problemlər müzakirə edilib, sözügedən sahədə vergi güzəştlərinin verilməsi, idxaldan asılılığın azaldılması istiqamətində təkliflər səsləndirilib.
Tədbirdə, həmçinin dövlət-biznes əməkdaşlığının daha da inkişafı və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.