CƏMİYYƏT
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində prokurorluq əməkdaşlarının iştirakı ilə təlim keçirilib
Bakı, 28 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzi ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında birgə əməkdaşlıq haqqında memoranduma əsasən, oktyabrın 12-dən 21-dək DVX-nin Tədris Mərkəzində Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin əməkdaşları üçün “Aktivlərin qiymətləndirilməsi və onların xüsusiyyətləri” mövzusunda təlim keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim Tədris Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, qiymətləndirmə üzrə beynəlxalq sertifikata malik mütəxəssislər tərəfindən aparılıb.
Aktivlərin qiymətləndirilməsi və onun xüsusiyyətlərini kompleks şəkildə özündə əks etdirən proqram əsasında həyata keçirilmiş təlimin modulu qiymətləndirmənin normativ əsası, əsas növləri, standartları, qiymətləndirmə mühiti və obyekti, qiymətləndirmədə tətbiq olunan metod və yanaşmalar, biznesin qiymətləndirilməsi və sair bu kimi aktual mövzuları əhatə edib.
Təlimi müvəffəqiyyətlə başa vurmuş Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin əməkdaşlarına müvafiq şəhadətnamələr təqdim olunub.