İQTİSADİYYAT
Dövlət Vergi Xidmətinin rəisi AHK İmpuls tədbirində Azərbaycandakı vergi islahatları barədə danışıb
Bakı, 12 may, AZƏRTAC
Mayın 11-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) tərəfindən üzv şirkətlər üçün növbəti AHK İmpuls tədbiri təşkil edilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, Azərbaycanın vergi sistemi, aparılan islahatlar, milli vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi mövzusuna həsr olunmuş tədbirdə açılış nitqi ilə çıxış edən AHK Azərbaycanın İdarə Heyətinin sədri Fərid İsayev dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib, dialoq mühitinin inkişafında işgüzar dairələrlə dövlət qurumları arasında keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.
Tədbirin fəxri qonağı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Azərbaycan iqtisadiyyatı üçün yeni çağırışlar: davamlı inkişafa xidmət edən vergi islahatları” mövzusunda məruzə edib.
DVX rəisi son illərdə vergi sistemində aparılan islahatlar, “kölgə iqtisadiyyatı”nın minimallaşdırılması istiqamətində həyata keçirilən siyasət, haqsız rəqabətin qarşısının alınması, əmtəəsiz və riskli əməliyyatlar aparan vergiödəyicilərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, leqal fəaliyyətin stimullaşdırılması mexanizmlərinin tətbiqi ilə bağlı görülən işlərdən söz açıb. O.Nəzərli Palata üzvlərini ortamüddətli dövr üçün vergi sisteminin inkişaf strategiyası, həyata keçirilməsi nəzərdə tutulan vergi siyasətinin əsas istiqamətləri, DVX-nin rəqəmsal platformasının təkmilləşdirilməsi, vergiödəyiciləri üçün nəzərdə tutulan yeni elektron xidmətlər və rəqəmsal layihələr barədə məlumatlandırıb.
DVX rəhbərliyinin sağlam dialoqun qurulması, qərarların qəbulunda ictimai iştirakçılığın təmin edilməsində maraqlı olduğunu söyləyən O.Nəzərli Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə əməkdaşlığın dövlət, sahibkar və ictimaiyyət arasında dialoqa töhfə verəcəyinə əmin olduğunu bildirib.
Tədbirdə, həmçinin DVX rəisi Palata üzvlərinin suallarını cavablandırıb və özəl sektor nümayəndələri ilə yaradılan birbaşa dialoq imkanı üçün təşkilatçılara minnətdarlığını ifadə edib.
Sonda tədbir müzakirələr və şəbəkədaxili danışıqlar şəraitində yekunlaşıb.