İQTİSADİYYAT
Dövlət Xidməti: Hərracda 15 əmlak satılıb

Bakı, 8 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 1 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 13 nəqliyyat vasitəsi özəlləşdirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, özəlləşdirilən kiçik dövlət müəssisəsi Qazaxın Xanlıqlar kəndində, yarımçıq tikili isə Bakının Qaradağ rayonunda yerləşir.
Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, hərracda 6500 manat ilkin start qiyməti ilə təklif edilən “Nissan Teana” markalı avtomobil 13 min 15 manata satılıb. İyunun 6-da hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 234 min 495 manat vəsaitin ödənilməsi nəzərdə tutulur. Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür. Cari ay üzrə növbəti hərrac iyunun 20-də keçiriləcək.