İQTİSADİYYAT


Dövlət Xidməti: İstismara yararlılığı müəyyən edilən sayğaclar yenidən istifadə oluna bilər

Bakı, 23 fevral, AZƏRTAC

Son zamanlar smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəz edilməsi ilə bağlı yayılan məlumatlar istehlakçılarda narahatlığa səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda, həmçinin qeyd olunub ki, bununla əlaqədar Dövlət Xidməti istehlakçıların diqqətinə çatdırır ki, ölkə ərazisində dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz sayğaclarından istifadə edilir. Belə ki, quraşdırılmamışdan əvvəl hər bir sayğacın metroloji qayda və normalara uyğunluğu Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu tərəfindən yoxlanılır və yoxlamadan keçirilən sayğacların tipi təsdiq olunaraq dövlət reyestrinə daxil edilir.

Mövcud qayda və standartların tələblərinə əsasən, istismarda olan sənaye qaz cihazları 3 ildə bir dəfə, məişət qaz sayğacları isə 5 ildə bir dəfə dövri yoxlamadan keçməlidir. Bu müddətə uyğun olaraq sayğaclar, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən quraşdırıldıqları ünvanlardan sökülərək birliyin Metrologiya Departamentinə təqdim edilir. Qaz verilişinin fasiləsizliyini təmin etmək məqsədilə sökülmüş qaz sayğacının əvəzinə başqa sayğac quraşdırılır. Sayğacların dövri yoxlanması texniki cəhətdən yararsız sayğacların istismardan kənarlaşdırılmasını təmin edir, eyni zamanda, istehlakın həcmini dəqiq müəyyən etməyə və itkilərin qarşısını almağa imkan yaradır. Yoxlama nəticəsində istismara yararlılığı müəyyən olunan sayğaclar yenidən istifadə oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.