CƏMİYYƏT
Dövlət Xidmətində “Nəsimi ili”nə həsr olunmuş növbəti tədbir keçirilib
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 11 yanvar tarixli Sərəncamına əsasən görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə elan edilmiş “Nəsimi ili” çərçivəsində ölkəmizdə silsilə tədbirlər keçirilir. Bu istiqamətdə növbəti tədbir noyabrın 15-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində keçirilib.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Nəsimi irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva tədbirdə çıxış edərək Azərbaycan ədəbiyyatı və fəlsəfi fikir tarixində İmadəddin Nəsiminin mühüm yer tutduğunu diqqətə çatdırıb. O, Azərbaycan ədəbiyyatına qiymətli incilər bəxş etmiş, ümumilikdə dünya poeziyasının möhtəşəm nümunələrini yaratmış İmadəddin Nəsiminin yaradıcılığının dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olduğunu diqqətə çatdırıb. Ötən əsrin 70-ci illərində Ulu Öndərin səyi nəticəsində Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd olunduğu və Nəsimi irsinin hərtərəfli və sistemli şəkildə araşdırılmasının sürətləndiyi vurğulanıb. Həmçinin Nəsimi yaradıcılığının Şərqin bir çox xalqlarının ədəbiyyatına, ictimai-siyasi və fəlsəfi fikrinə böyük təsir etdiyi bildirilib.
S.Şıxıyeva Prezident İlham Əliyevin sərəncamları ilə görkəmli şairlərin, yazıçıların yubileylərinin müntəzəm keçirilməsinin, onların xatirələrinin əbədiləşdirilməsinin ədəbiyyatımıza göstərilən qayğının nümunəsi olduğunu deyib.
“Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərin, həmçinin UNESKO və digər beynəlxalq təşkilatlarla müvafiq sahədə əməkdaşlığın zəngin mədəniyyətimizin dünyada daha geniş təbliğində mühüm rol oynadığı qeyd olunub.