REGİONLAR


Dövlət Xidmətinin rəisi: Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat aqrar kredit verilib VİDEO

Bakı, 18 dekabr, Ramiz Quliyev, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti 2018-ci ilin yekunu ilə bağlı hesabat verib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mətbuat konfransında Dövlət Xidmətinin rəisi Mirzə Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri üzrə görülmüş işlərdən və qarşıda duran planlardan danışıb.

Bildirilib ki, 2018-ci ildə 41 rayondan olan 151 fermerə 10 milyon manat məbləğində kredit verilib. Kredit ayrılan sahələr arasında heyvandarlıq (84) və bağçılıq (19) ilk yerləri tutub. Dövlət Xidmətinin kredit portfeli 10 bank, 11 bank olmayan kredit təşkilatı, 19 kredit ittifaqında yerləşdirilib.

Kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması üçün dəyər zəncirlərinin formalaşdırılması məqsədilə fermer və sahibkarların təklif etdikləri 17 layihə təsdiqlənib və onlardan 8-i ilə müqavilə imzalanıb. Dəyər zənciri layihələrinin başlıca seçim meyarları təsərrüfatlarda innovasiyaların tətbiqi və fermer-emalçı tərəfdaşlığının qurulmasıdır.

Baytarlıq xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə görülən işlərdən danışan M.Əliyev qeyd edib ki, Zaqatala, Qax, Balakən, Şəki, Oğuz və Qəbələ rayonlarının baytar-həkimlərinə Dünya Bankı ilə birgə həyata keçirilən Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təlim keçilib.

“Heyvan sağlamlığı üzrə Dövlət Xidmətinin gördüyü vacib işlərdən biri brusellyoz xəstəliyinə qarşı mübarizədir. Xəstəliklə mübarizə məqsədilə peyvəndləmə aparan baytar həkimlər vaksinlər, əl soyuducuları, geyim və təhlükəsizlik vasitələri ilə təchiz olunublar. 2018-ci il dekabrın 1-dək 401 min 435 baş iribuynuzlu heyvan S19 vaksini, 1 milyon 477 min 350 baxış xırdabuynuzlu heyvan REV1 vaksini ilə peyvəndlənib. Aparılan planlı fəaliyyət nəticəsində 3-4 il ərzində bu xəstəliyin Azərbaycanda aradan qaldırılması nəzərdə tutulub”, - deyə Mirzə Əliyev rəisi bildirib.

Onun sözlərinə görə, Dövlət Xidmətinin bitki sağlamlığı istiqamətində atdığı addımlar Azərbaycan üçün ilklər siyahısına düşüb. Bu il ilk dəfə olaraq, “Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər” atlası hazırlanaraq çap edilib. Atlas istər elmi, istərsə də, praktiki istifadə üçün dəyərli bir mənbədir: “İlk dəfə olaraq, 3 bitki - kartof, qarğıdalı və meyvə bağları üzrə zərərvericilərə qarşı inteqrir mübarizə təlimləri keçirilib. Ümumilikdə, 30 təlimdə 900-dən artıq fermer və mütəxəssis iştirak edib. 2018-ci ildə son 20 ildə ilk dəfə olaraq, Azərbaycan Dövlət Aqrar Universitetində “Bitki mühafizəsi” ixtisasına tələbə qəbul edilib. Qəbul edilən 30 tələbənin hamısı dövlət sifarişi ilə təhsil alır. İxtisasın bakalavr pilləsi üçün kurikulum Dövlət Xidmətinin dəstəyi ilə hazırlanıb. Hazırda magistr və doktorantura pillələri üçün kurikulum hazırlığı üzərində iş gedir”.

Dövlət Xidmətinin aqrar sahədə kadr hazırlığına verdiyi daha bir dəstək ADAU-da tədris-təcrübə məqsədli müasir tipli ferma kompleksinin tikintisidir. Bu barədə danışan Mirzə Əliyev bildirib ki, “Baytarlıq təbabəti” fakültəsinin tələbələrinin praktiki biliklərə yiyələnməsi məqsədilə ötən il təhvil verilmiş 20 başlıq tövlə ilə yanaşı, 2018-ci ildə 30 başlıq daha bir ferma tikilib. Kompleks yemdoğrayan avadanlıq, sağım aparatları ilə təchiz olunub, 20 baş cins inək alınıb. Bundan başqa, kompleksə 4 Qarabağ atı alınıb və onlar üçün də tövlə var.

“Azərbaycan Kənd İnvestisiyası Layihəsinin (AzKİL) ikinci mərhələsini tamamlayan Dövlət Xidməti AzKİL çərçivəsində 2200-dən artıq kiçik infrastruktur və gəlir gətirən layihə icra edərək kənd icmalarının istifadəsinə verib”, - deyən Xidmət rəisinin sözlərinə görə, layihənin növbəti mərhələsinə hazırlıq çərçivəsində pilot məqsədli Qadın İnkişaf qruplarının yaradılmasına başlanıb. Qadınların səlahiyyətləndirilməsini və öz bizneslərini qurmasını təşviq edən bu fəaliyyət nəticəsində 7 rayonda 151 qadını özündə birləşdirən 12 qadın qrupu yaradılıb. Bu qadın qruplarının öz bizneslərini yaratmalarına dəstək vermək üçün gənclərdən ibarət 7 biznes inkubator təsis edilib.

Həmçinin Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi çərçivəsində Ağdaş və Yevlax rayonlarında 125 kənddə 30 mindən çox təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün ikinci və üçüncü dərəcəli xətlərin bərpası və tikintisi aparılıb.

“Ümumiyyətlə, 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 20 layihə idarə olunub. Bu layihələrin 13-ü icra olunmaqdadır, 7-nin isə icrasına yaxın vaxtlarda başlanacaq”, - deyə Mirzə Əliyev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.