CƏMİYYƏT
Dövlət Yanğın Nəzarəti Xidməti regionlarda seminar-müşavirələr keçirib
Bakı, 30 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti noyabrın 27-dən 30-dək Gəncə, Sumqayıt, Yevlax, Salyan, Xaçmaz, Qəbələ və Lənkəran şəhər və rayonlarında yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı təbliğat xarakterli seminar-müşavirələr keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, seminar-müşavirələrdə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsində qarşıda duran vəzifələr, qaz təsərrüfatının istismarı dövründə yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunması, elektrik təsərrüfatında, yaşayış binalarında yanğın təhlükəsizliyi və tüstü bacalarının təmizlənməsi barədə məlumat verilib, bu sahədə ortaya çıxan problemlərin həllinə dair fikir mübadiləsi aparılıb.
Seminar-müşavirələrin sonunda “Dəm qazından ehtiyatlı olun”, “Məişətdə yanğın təhlükəsizliyi” mövzularında video-slaydlar nümayiş olunub, iştirakçılara “Yaşayış evlərinin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası və yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakatlar paylanıb.
Seminar-müşavirələrdə xidmətin rəis müavinləri - daxili xidmət polkovnikləri Rəşad Əbilov, Aqşin Kazımov və şöbə rəisləri, Rayon Dövlət Yanğın Nəzarət İdarəsinin əməkdaşları, Rayon Yanğından Mühafizə hissələrinin rəhbərləri, şəhər və rayonların icra hakimiyyətləri başçılarının, polis rəislərinin müavinləri, qaz paylayıcı və elektrik şəbəkələrinin, bələdiyyə nümayəndələri iştirak ediblər.