CƏMİYYƏT
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
Bakı, 17 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti və Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə mayın 17-də “Four Seasons” mehmanxanasında yanğın-taktiki təlim keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlimdə otelin yanğın təhlükəsizliyi barədə ətraflı söhbət aparılıb, yanğınsöndürənlər tərəfindən “şərti yanğın”ın söndürülməsi əməliyyatı həyata keçirilib, suallar cavablandırılıb.
Tədbirdə, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydası əyani şəkildə göstərilib və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzusunda yaddaş vərəqələri iştirakçılara paylanıb. Otelin rəhbərliyinə “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası təqdim edilib.