CƏMİYYƏT
Dövlət Yanğından Mühafizə Xidməti “Four Seasons Hotel Baku”da yanğın-taktiki təlim keçirəcək
Bakı, 20 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti fevralın 21-də səhər saat 6:00-dan 7:30-dək Səbail rayonu, Neftçilər prospekti, 77/79 ünvanında yerləşən “Four Seasons Hotel Baku”da yanğın-taktiki təlim keçirəcək.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində məqsəd mümkün yanğının söndürülməsi ilə əlaqədar yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qurumları çatana qədər obyektin mühəndis-texniki işçilərinin vəzifələrini yerinə yetirməsini və məlumatların ötürülmə ardıcıllığı, birinci və sonrakı yanğınsöndürmə rəhbərinin yanğın yerində vəziyyəti qiymətləndirməklə həlledici istiqamətin müəyyən olunması və döyüş hərəkətlərinin təşkil edilməsi, qüvvə və vasitələrə rəhbərlik etməklə yanğınsöndürməyə aid olan əməliyyat sənədlərinin tərtib edilməsi, rabitə işinin təşkili, otel personalı və qonaqların təxliyə olunması üzrə yanğın yerində döyüş hərəkətlərini məşq etmək, həmçinin şəxsi heyətə texniki təhlükəsizlik qaydalarını öyrətməkdir.