CƏMİYYƏT
Dövlət Yol Polisi İdarəsi “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirib
Bakı, 15 avqust, AZƏRTAC
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə avqustun 1-dən 15-dək paytaxtın küçə və prospektlərində, habelə 9 müəssisədə ekoloji vəziyyətin yaxşılaşdırılması və nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması məqsədilə tədbirlər keçirib.
AZƏRTAC xəbər verir ki, SOCAR-ın Suraxanı rayonu ərazisindəki Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı texnoloji nəqliyyat sahəsində bununla bağlı keçirilən tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə müsahibə verib. Bildirib ki, İdarə 15 gün ərzində paytaxt ərazisində “Atmosfer havasının mühafizəsi haqqında” qanunvericiliyin tələblərinin təmini, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitəsinin istismara buraxılmasının qadağan edilməsi ilə bağlı “Təmiz hava” aylığını davam etdirib.
Məlumat verilib ki, Bakıdakı avtonəqliyyat müəssisələrində yoxlamalar aparılıb, yollarda reydlər həyata keçirilib.
Bu tədbirlər və reydlər çərçivəsində 9 avtonəqliyyat müəssisəsində və avtomobil sexlərində 101 avtomobil yoxlanılıb. Həmin avtomobillərin 4-də mühərrikin işlənmiş qazlarından zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanıb. Yoxlama zamanı həmin avtomobillərdə karbon oksidin miqdarı norma həddinə endirilib.
V.Əsədov deyib ki, yol patrul xidməti əməkdaşlarının keçirdikləri reyd zamanı 280 nəqliyyat vasitəsi yoxlanılıb, onlardan 43 avtomobilin mühərriklərinin işlənmiş qazlardan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanıb. Həmin avtomobillərin sürücüləri barədə inzibati protokol tərtib edilib. Həmçinin yoxlamaların gedişi zamanı aşkar olunmuş qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verilib.
Qeyd edilib ki, bu gün SOCAR-ın Nəqliyyat İdarəsi ilə birgə keçirilən tədbir zamanı sürücülər bu istiqamətdə maarifləndirilib. Sürücülərə tövsiyə olunub ki, idarə etdikləri nəqliyyat vasitələrini saz vəziyyətdə saxlasınlar və ətraf mühitin qorunmasına töhfə versinlər.
SOCAR-ın Ekologiya İdarəsinin əməkdaşı Çoşqun Bərxudarov deyib ki, şirkət istismarda olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanmasına xüsusi diqqət yetirir. Atmosferə atılan zərərli qazların miqdarını nəzarətdə saxlamaq üçün nəqliyyat vasitələri mütəmadi ekoloji müayinədən keçirilir. Bu müayinələr zamanı mövcud normalara uyğun nəqliyyat vasitələrinə ekoloji emblemlər təqdim olunur. Normalara uyğun olmayan nəqliyyat vasitələri isə diaqnostika və təmirdən sonra yenidən ekoloji müayinələrə cəlb olunur.