CƏMİYYƏT


Dövlət Yol Polisi həftə sonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edib

Bakı, 15 sentyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) həftə sonları sərnişindaşıma fəaliyyəti ilə bağlı əhaliyə müraciət edib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində hazırki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, tətbiq edilən xüsusi karantin rejiminin müddətinin uzadıldığı, həmçinin həftə sonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyətinin dayandırıldığı qeyd edilib.

Bildirilib ki, müşahidələr mövcud vəziyyətdən sui-istifadə edən bəzi şəxslərin həftə sonları avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarını pozaraq qanunsuz fəaliyyət göstərməklə yanaşı, koronavirus (COVID-19) infeksiyasının yayılmasına da münbit şərait yaratdıqlarını göstərir. Belə ki, həftə içi bir gün ərzində əsasən “Mercedes-Benz Vito” və “Mercedes-Benz Viano” markalı və digər mikroavtobus tipli nəqliyyat vasitələri ilə təkcə paytaxta yaxın yaşayış məntəqələrindən 1500-dən çox belə daşıma həyata keçirilib. Həftə sonları ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığı üçün bu kimi nəqliyyat vasitələrindən istifadə edənlərin sayı da xeyli artır, bəzi sürücülər isə görülən tədbirlərin mahiyyətinə varmadan bunu fürsət kimi dəyərləndirirlər.

Sürücülərin daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, yorğun halda bir neçə dəfə gedib gəlməsi ağır yol qəzalarının baş vermə riskini artırır, eyni zamanda, sərnişinlər arasında sanitariya-gigiyena tədbirlərinin kobud şəkildə pozulması ölkəmizdə xəstəliyə yoluxmaların azaldılması üçün görülən tədbirlərə kölgə salır.

Odur ki, qanunsuz daşımalarda iştirak edən sərnişinlər belə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağını nəzərə alıb qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin təklif etdikləri xidmətlərdən istifadə etməməli, yollarda çətinliklərlə üzləşməmək üçün zəruri işlərini həftə sonlarına saxlamamalı, bütün tədbirlərin məhz əhalinin sağlamlığına hesablandığını düşünüb qaydalara hörmətlə yanaşmalıdırlar.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sözügedən qanunsuz sərnişindaşıma hallarına qarşı, habelə taksilərdə tələb olunan qaydalara əməl edilməsi ilə bağlı kəsərli tədbirlər görüləcəyini, xüsusi karantin rejimi qaydalarını pozan şəxslərin barəsində inzibati məsuliyyət tədbirlərinin tətbiq ediləcəyini bildirir. Bununla yanaşı, əlaqədar şəxslərin xəbərdarlığa anlayışla yanaşaraq epidemioloji vəziyyətin müsbətə doğru irəliləməsinə töhfə verəcəklərinə inanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.