MƏDƏNİYYƏT
Dövlət “Yuğ” Teatrında “Boy” tamaşası nümayiş olunub
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti yanında Bilik Fondu Azərbaycan Dövlət “Yuğ” teatrında “Kitabi-Dədə Qorqud” mövzusunda mühazirələr və müzakirələr təşkil edib.
Bilik Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Prezidenti İlham Əliyevin 20 fevral 2015-ci il tarixli "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilib.
Belə ki, Bilik Fondunun təşkilatçılığı ilə “Yuğ” teatrında "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanmış "Boy" tamaşası oynanılıb.
Tamaşadan əvvəl Bakı Slavyan Universitetinin Alman dili kafedrasının müəllimi, filologiya elmləri namizədi Telman Kazımov tamaşaçılara Fridrix fon Ditsin həyat və yaradıcılığı, onun əlyazmanı aşkar edib dünya ictimaiyyətinə çatdırması barədə maraqlı məlumatlar verib.
75 dəqiqəlik “Boy” tamaşasından sonra tədqiqatçının, yaradıcı qrupun və tamaşaçıların iştirakı ilə həm tamaşanın, həm də mühazirənin müzakirəsi keçirilib.
Qeyd edək ki, “Boy” tamaşasının quruluşçu rejissoru Tərlan Əngin, quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissoru Ər Toğrul, musiqi tərtibatçısı Mələk Vəlizadədir.
Tamaşada rolları Əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Atacan, Könül Cəfərzadə, Amid Qasım, Vüqar Hacı və Elgün Həmid ifa ediblər.