RƏSMİ XRONİKA


Dövlət başçıları Xivə şəhərində “Nurullaboy” saray kompleksi ilə tanış olublar YENİLƏNİB VİDEO

Xivə, 22 iyun, AZƏRTAC

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərində “Nurullaboy” saray kompleksi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, saray kompleksi barədə dövlət başçılarına məlumat verilib.

Bildirilib ki, əzəməti və gözəlliyi ilə məşhur olan “Nurullaboy” saray kompleksi Xivə xanı II Məhəmməd-Rəhimbayanın əmri ilə 1906-1912-ci illərdə tikilib. Dörd hissədən ibarət saray kompleksinə ümumilikdə 100-dən çox zal və otaq, o cümlədən mərasim və məhkəmə zalları, yaşayış binaları və mədrəsə daxildir. Saray kompleksindəki bütün tikililər uzunluğu 650 metrdən çox olan güclü istehkamla əhatə edilib. Qala divarı üzərində yarımdairəvi qüllələr ucaldılıb. Rusiya imperatoru II Nikolay kompleksin tikintisi başa çatdıqdan sonra saraya iki çilçıraq və kiçik bir elektrik stansiyası bağışlayıb.

“Nurullaboy” sarayı milli və Avropa memarlıq üslublarının vəhdəti əsasında inşa olunub. Bu da həmin dövrdə şəhərsalma sahəsində üstünlük təşkil edən üslubla əlaqədardır. Qızılı və rəngli rəsmlərlə örtülmüş məşhur Xivə oymaları sarayın cəlbediciliyini daha da artırır.

Saray kompleksində daimi rəsm sərgiləri fəaliyyət göstərir, tarixi sənədlər, milli geyim nümunələri nümayiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin