ELM VƏ TƏHSİL


Dövlət bayrağı hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir

Bakı, 2 noyabr, AZƏRTAC 

Noyabrın 2-də Bakı Slavyan Universitetində (BSU) Dövlət Bayrağı Gününə həsr olunan elmi seminar keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov üçrəngli bayrağımızın 100 illiyi münasibətilə iştirakçıları təbrik edib. Qeyd edib ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı sayılan bayraq xalqımızın azadlıq məfkurəsini, milli mənəvi dəyərləri və ümumbəşəri idealları əks etdirir.

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova Qarabağ müharibəsində şəhid olan Vətən oğullarının əziz xatirəsini yad edərək onların bayraq uğrunda, Azərbaycanın müstəqilliyi uğurunda sonadək vuruşduqlarını deyib. O, həmin şəhid oğulların sırasında BSU-nun məzunlarının da olduğunu xatırladıb. X.Sultanova bayrağımızın hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qeyrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını bildirib.

Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd milli istiqlal ideologiyamızın tarixindən, Əli bəy Hüseynzadənin müəllifi olduğu üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun mahiyyətindən söz açıb.

Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov tarixböyu mövcud olan dövlətlərin atributlarından danışaraq qeyd edib ki, üçrəngli bayraq respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, irimiqyaslı ictimai-siyasi toplantılarda və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Sonra tələbələrin “Azərbaycanın rəmzi olan dövlət bayrağının yaranma tarixi”, “Azərbaycan müstəqillik dövrü və Dövlət bayrağı”, “Heydər Əliyev və 9 noyabr” mövzularında məruzələri dinlənilib.

Sonda pedaqoji fakültənin dekan müavini Zoya Cəbrayılova Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə təşkil olunan maarifləndirici tədbirləri yüksək qiymətləndirib, tələbələrə daim Vətəni sevməyi, öz tarixini, milli dəyərlərini dərindən öyrənməyi tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.