CƏMİYYƏT
Dövlət bayrağı hər birimiz üçün tükənməz qürur mənbəyidir VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Dövlət Bayrağı Muzeyində keçirilmiş tədbirdə idarənin rəisi İlqar Mustafayev Azərbaycanın müstəqillik rəmzi olan dövlət bayrağının yaranması tarixindən danışıb. O, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılıb. Bununla da üçrəngli bayrağımız həyata yenidən vəsiqə qazanıb. Dövlətimizin başçısının bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan İ.Mustafayev bildirib ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Dövlət Bayrağı Meydanında Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev xalqımızın öz torpağına, dövlətçiliyinə və tarixinə sonsuz sevgisindən bəhrələndiyini, üçrəngli bayrağımızın 70 ildən sonra yenidən göylərə yüksəldiyini, başımızın üstündə daha əzəmətlə dalğalandığını vurğulayıb. O qeyd edib ki, 1918-ci ildə yüksələn bayraq xalqımızın tarixi yaddaşında, hər birimizin canında və ruhunda əbədi ucaldılıb.
Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva qeyd edib ki, Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin yaradılması Azərbaycan xalqının və dövlətimizin başçısının dövlətçilik tariximizə olan hörməti, dövlət rəmzlərinə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Dövlət Bayrağı Muzeyinin yaradılmasının əsas məqsədi dövlətçilik tariximizin geniş təbliğ olunması, cəmiyyət arasında və xüsusən gənc nəsildə vətənpərvərlik hisslərinin daha da yüksəldilməsindən ibarətdir. Dövlət rəmzlərimizi təbliğ etmək, cəmiyyətdə milli dəyərlərimizə hörmət və sevgi aşılamaq hər bir vətəndaşın əsas işi olmalıdır.
Sonra Dövlət Bayrağı Muzeyinin dövlət rəmzlərinin təbliği istiqamətində fəaliyyətinə həsr olunan fotosərgi nümayiş etdirilib.
Daha sonra Dənizkənarı Bulvar İdarəsinin layihəsi əsasında çəkilmiş, dövlət bayrağına və Dövlət Bayrağı Meydanına həsr edilmiş filmin təqdimatı olub.