CƏMİYYƏT


Dövlət bayrağımız milli qürurumuzdur

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar Bakının bir sıra rayonlarında tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, Yasamal rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Azərbaycan bayrağının dövlətimizin simvolu olduğunu deyib. O bildirib ki, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalandığı torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. İşğal altında olan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcək və üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Ağdamda, Laçında və digər rayonlarımızda əzəmətlə dalğalanacaq.

Tədbirdə məktəbin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

N saylı hərbi hissənin əsgərləri tərəfindən qaldırılan 100 bayraq zalda böyük coşqu ilə qarşılanıb.

* * *

Nəsimi Rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi ilə birgə rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, Böyük Vətən müharibəsi veteranlarının iştirakı ilə Sahil Mühafizəsinin hərbi hissəsində Azərbaycan Respublikasının dövlət bayrağının 100 illiyinə həsr edilmiş tədbir keçirib.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinın rəisi general-leytenant Əfqan Nağıyev və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbirdə çıxış edərək dövlət bayrağımızın tarixi barədə danışıblar. Həmçinin bildirilib ki, yaradıcısı ulu öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ötən dövr ərzində sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir hərbi quruma çevrilib.

* * *

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü və Konstitusiya Gününə həsr edilmiş “İstiqlalın əbədiyyət sancağı” adlı tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Tohidi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Konstitusiya Məhkəməsinin sektor müdirləri İntiqam Eyvazov, Fərrux Seyidov və başqaları çıxış ediblər.

Çıxışlarda bayrağın dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, bir sözlə, müqəddəslik rəmzi olduğu qeyd edilib. Bildirilib ki, bayrağa, Vətənə olan sevgi hər kəsə, xüsusilə də gənclərə aşılanmalıdır.

Tədbirdə Azərbaycan Konstitusiyası haqqında da danışılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ərsəyə gəlmiş Konstitusiyamızın əsas prinsipləri azad və müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanıb.

* * *

Azərbaycan Respublikası Dövlət Bayrağının 100 illiyi münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrində silsilə tədbirlər, müxtəlif idman yarışları keçirilir. Rayondakı Heydər Əliyev Mərkəzində məktəblilərin şeir və rəsm müsabiqələri təşkil edilir. Tədbirlərin təşkilində başlıca məqsəd şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, Azərbaycan bayrağının mahiyyətinin təbliği və dövlət atributlarına sevgi və ehtiramı aşılamaqdır.

* * *

Dövlət Bayrağı Gününə və Konstitusiya Gününə həsr olunmuş daha bir tədbir Şuşa Rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxışında üçrəngli dövlət bayrağının ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qəbul edildiyini, dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini, bu bayrağın bizim azadlığımızı, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirdiyini diqqətə çatdırıb. O, Konstitusiya Günü haqqında da danışıb. Bildirib ki, 1995-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusiyamız qabaqcıl dünya təcrübəsinə, çoxəsrlik dövlətçilik ənənələrinə əsaslanır. Milli Konstitusiyamızın qəbulu ölkəmizin həyatında mühüm tarixi hadisə kimi yadda qalıb. Konstitusiyamız dövlət quruculuğunda, ictimai-siyasi, sosial-mədəni və iqtisadi sahələrdə demokratik proseslərə təkan verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.